İstanbulda “Azərbaycan Nadir şah Əfşar dövləti” kitabının türk dilində nəşrinin təqdimat mərasimi keçirilib

İstanbulda “Azərbaycan Nadir şah Əfşar dövləti” kitabının türk dilində nəşrinin təqdimat mərasimi keçirilib
# 30 dekabr 2015 09:02 (UTC +04:00)

Bakı - APA. İstanbul şəhərində Türkiyə Aydınlar Ocağının təşkilatçılığı ilə professor Cahangir Hacıyevin Azərbaycanın görkəmli dövlət xadimi, Şərqin ən qüdrətli fatehlərindən sayılan Nadir şah Əfşara həsr edilmiş “Azərbaycan Nadir şah Əfşar dövləti” kitabının türk dilindəki nəşrinin təqdimat mərasimi keçirilib.

APA-nın məlumatına görə, nəşrdə Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyevin ön söz yazdığı və redaktoru olduğu “Nadir şah Əfşar: diplomatik yazışmalar” adlı sənədlər toplusunun da materialları yer almışdır.

Mərasimdə Türkiyənin bir sıra tanınmış qələm sahibləri, yazıçı və tədqiqatçıları çıxış edərək nəşri yüksək qiymətləndirib, kitabın Azərbaycan tarixi ilə bağlı həqiqətlərin Türkiyədə təbliği istiqamətində böyük əhəmiyyətə malik olduğunu qeyd ediblər.

Kitabın müəllifi Cahangir Hüseynov çıxışında akademik Ramiz Mehdiyevin diplomatik sənədlər toplusuna yazdığı ön sözə toxunaraq, onun Nadir şah ətrafındakı bir sıra mübahisələrə, müəmma və təhriflərə tutarlı cavab olduğunu xüsusilə vurğulayıb, fars dilindən tərcümə edilmiş orijinal sənədlərin isə danılmaz sübut kimi ictimaiyyətin ixtiyarına verilməsini mühüm elmi hadisə kimi tədbir iştirakçılarının diqqətinə çatdırıb.

Onun sözlərinə görə, akademikin Nadir şah irsinin sistemli tədqiqi istiqamətindəki çağırışlarına tarixçilərimiz zəruri həssaslıqla yanaşmalı, bu istiqamətdəki axtarışlarını intensivləşdirməlidirlər.

Qeyd edək ki, Türkiyədə nəşr edilən kitab Nadir şah Əfşar imperiyasının yaradılmasının 280 illiyinə ithaf edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR