Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində toplantı keçirilib

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində toplantı keçirilib
# 06 may 2016 15:34 (UTC +04:00)

Bakı. Vüsal Nəbiyev - APA-Economics. Azərbaycanın ümummilli lideri Heydər Əliyevin anadan olmasının 93-cü ildönümü münasibətilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində toplantı keçirilib.

Nazirliyin ictimaiyyətlə əlaqələr şöbəsindən “APA-Economics”ə verilən məlumata görə, nazir Səlim Müslümov Heydər Əliyevin həyat və fəaliyyətinin müasir tariximizin fəxr və qürur hissi doğuran parlaq bir səhifəsi olduğunu vurğulayıb, müstəqil Azərbaycan dövlətinin qurulması və inkişafı naminə göstərdiyi misilsiz xidmətlərdən bəhs edib: “Heydər Əliyevin ötən əsrin 90-cı illərindən sosial tənəzzüldən sosial sabitliyə keçidi uğurla təmin edən kompleks tədbirlər silsiləsi, etibarlı iqtisadi potensialın formalaşması zəminində sosial müdafiə sisteminin yeni iqtisadi münasibətlərə, qlobal çağırışlara uyğun müasir əsaslarla yenidən qurulmasına yönələn islahatlar kursu Azərbaycanda sosial dövlət konsepsiyasının praktik müstəvidə reallaşmasına imkan yaradıb”.

Nazir 1993-2003-cü illərdə əhalinin rifahının keçid dövrünün çətinliklərindən müdafiəsi və milli iqtisadiyyatın sosialyönümlü inkişafı yönündə mühüm tədbirləri həyata keçirən Heydər Əliyevin bu dövrdə müstəqil Azərbaycanın mütərəqqi prinsiplər əsasında sosial qanunvericilik bazasının formalaşdırılması üçün fundamental əsasların yaradılmasını təmin etdiyini də diqqətə çatdırıb.

Heydər Əliyevin müdrik siyasi kursunun 2003-cü ildən Azərbaycan prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini bildirən nazir son 12 ildə respublikanın dinamik inkişaf və modern islahatlar yolunda sürətlə irəliləyən ölkə olduğunu vurğulayıb: “Bu dövrdə 3,4 dəfə iqtisadi artıma, qeyri-neft sektorunun ÜDM-də payının 70%-i ötməsinə, milli iqtisadiyyata 200 milyard dollar investisiyanın yatırılmasına nail olan ölkədə rifah göstəriciləri də mütəmadi yüksəlib. Əhalinin gəlirləri 7 dəfə və cari ilin ilk rübündə əvvəlki ilin eyni dövrü ilə müqayisədə 9% artaraq 10303,5 milyon manat, orta aylıq əmək haqqı 5,6 dəfədən çox və cari ilin yanvar-fevral aylarında 6,2% artaraq 472,2 manata çatıb. Təkcə bu ilin ilk rübündə dövlət başçısının imzaladığı 25-dən artıq fərman və sərəncamla ölkə əhalisinin 3,6 milyon nəfərinin və ya 38%-nin əmək haqları, pensiya və müavinətləri, təqaüdləri artırılıb”.

S.Müslümov ölkənin əmək və sosial müdafiə sisteminin müasir innovativ yanaşmalar əsasında qurulmasının istiqamətində mühüm islahat tədbirlərinin həyata keçirildiyini bildirib: “Hazırda əmək bazarına dövlət nəzarətinin təşkili, sığorta-pensiya, dövlət sosial yardımı, tibbi-sosial ekspertiza və reabilitasiya sistemləri və digər sahələr elektron texnologiyalar əsasında tam avtomatlaşdırılmış şəraitdə fəaliyyət göstərir. Nəticədə həmin sahələrdə beynəlxalq səviyyədə də yüksək dəyər verilən müasir, şəffaf idarəçilik və əhaliyə xidmətlər sistemi formalaşdırılıb”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR