Deputat Mətbuat Şurasına KİV-i bir aylığa bağlamaq səlahiyyətinin verilməsini istəyir

Deputat Mətbuat Şurasına KİV-i bir aylığa bağlamaq səlahiyyətinin verilməsini istəyir
# 05 aprel 2016 12:29 (UTC +04:00)

Bakı. Mübariz Aslanov – APA. Azərbaycan Milli Məclisinin bu gün keçirilən iclasında deputat Elmira Axundova Ombudsmanın jurnalistlərin müdafiəsinə qalxmasına etiraz edib.

APA-nın məlumatına görə, deputat bildirib ki, Ombudsmanın hesabatında mətbuata təzyiqlərdən danışılır, jurnalistlər müdafiə olunur: “Lakin Ombudsman demir ki, media kimlərləsə hesablaşmaq, açıq reketçiliklə pul qazanmaq yerinə çevrilib. Bizi bu jurnalistlərdən kim müdafiə edəcək? İnformasiya üzrə müvəkkilin səlahiyyətlərini Ombudsmana verdik. Lakin bu müddətdə informasiya üzrə müvəkkilin fəaliyyətini görmədik. Bunun Elmira Süleymanovaya aidiyyəti yoxdur. Təklif edirəm ki, biz İnformasiya üzrə müvəkkili müstəqil qurum kimi bərpa edək. Ya da Elmira Süleymanovaya əlavə səlahiyyətlər verək. Həmçinin Mətbuat Şurasına da səlahiyyətlər verək. Milli Teleradio Şurasında olduğu kimi, Mətbuat Şurası da bəzi mətbuat və ya saytları bir aylığa dayandırmaq barədə qərar vermək səlahiyyətinə malik olmalıdır. Neqativ hallara qarşı Mətbuat Şurası daha təsirli mübarizə aparmalıdır”.

Mətbuat Şurasının sədri, deputat Əflatun Amaşov isə bildirib ki, jurnalistikanın imtahanı davam edir: “Azərbaycan jurnalistikası üzərinə düşən öhdəlikləri əvvəlki illərlə müqayisədə yerinə yetirə bilir. Bir sıra məqamlar və xəbər saytları istisnadır. Bir sıra saytlarda xəbərlər dəqiqləşdirilmədən tələsik verilir. Lakin ümumilikdə KİV-lər gərgin vəziyyətdə normal iş fəaliyyəti ortaya qoyur, operativ işləyə bilir”.

O E. Axundovaya tövsiyə edib ki, jurnalistikanın probleminə yanaşırsa kompleks yanaşsın: “Bu sahədə maddi və sosial sahəni də nəzərə alın”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR