MSK 95 saylı Tərtər Seçki Komissiyasına xüsusi xəbərdarlıq edəcək

MSK 95 saylı Tərtər Seçki Komissiyasına xüsusi xəbərdarlıq edəcək
# 23 sentyabr 2015 13:38 (UTC +04:00)

Bakı. Ramiz Mikayıloğlu - APA. Mərkəzi Seçki Komissiyasının iclasında quruma daxil olmuş müraciətlərə baxılıb.


APA-nın məlumatına görə, 95 saylı Tərtər Seçki Dairəsində öz təşəbbüsü ilə namizədliyini irəli sürmüş Şəhriyar Məcidzadə imza vərəqələrini təqdim etdiyi halda deputatlığa namizəd kimi qeydə alınmaması ilə əlaqədar MSK-ya şikayət edib.

Məsələ barədə məlumat verən MSK üzvü Validə Kazımova bildirib ki, məsələ araşdırılıb və məlum olub ki, Ş. Məcidzadənin təqdim etdiyi imza vərəqələrində 550 imzanın 529-u həqiqidir. Bu da namizədin qeydə alınması üçün yetərlidir. V. Kazımova Ş. Məcidzadənin deputatlığa namizədliyinin qeydə alınmasını vacib sayıb. MSK məsələni səsverməyə çıxararaq qəbul edib.

MSK sədri Məzahir Pənahov namizədlərin qeydə alınması prosesinə qanunsuz maneə yaradılmasının yolverilməz olduğunu bildirib. O, 95 saylı Tərtər Seçki Komissiyasına xüsusi xəbərdarlıq ediləcəyini söyləyib.

MSK Müsavat Partiyası tərəfindən 82 saylı Ağcabədi Seçki Dairəsindən namizədliyi irəli sürülən Rəşid Rəcəblinin imza vərəqələrinin və digər sənədlərin yoxlanılması prosesində iştirakının təmin edilməsi ilə bağlı müraciətinə də baxıb. R. Rəcəblinin imza vərəqələrinin və digər sənədlərinin yoxlanılması prosesində iştirakının təmin edilməsi barədə qərar verilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR