Komissiya sədri: “Azərbaycanda hər il 200-ə yaxın uşaq talassemiya xəstəliyi ilə doğulur”

Komissiya sədri: “Azərbaycanda hər il 200-ə yaxın uşaq talassemiya xəstəliyi ilə doğulur”
# 05 oktyabr 2016 15:35 (UTC +04:00)

Bakı. Könül Kamilqızı – APA. Bu gün Respublika Perinatal Mərkəzi (RPM) və Respublika Müalicəvi Diaqnostika Mərkəzinin (RMDM) təşkilatçılığı ilə “Azərbaycanda irsi qan xəstəliklərinin diaqnostikası, müalicəsi və profilaktikasına” həsr olunan konfrans keçirilib.

APA-nın xəbərinə görə, tədbirdə RPM direktoru, Səhiyyə Nazirliyinin Doğuşayardım Komissiyasının sədri Sevinc Məmmədova bildirib ki, hər il 200-ə yaxın uşaq talassemiya xəstəliyi ilə doğulur.

Onun sözlərinə görə, 2015-ci ildə talassemiya xəstəliyi aşkar olunanların sayı 213 nəfər olub: “Onlardan 155 nəfəri 17 yaşa kimi olan gənclərdir. Azərbaycanda 2015-ci ildə rəsmi qeydiyyatda olan talassemiyalı xəstələrin sayı 2593 nəfər olub ki, onlardan da 1691 nəfəri 17 yaşa qədər olan gənclərdir. Bu xəstəlik Azərbaycanda daha çox Şəki, Ağdam, Mingəçevirdə yayılıb. Sümük iliyi əməliyyatlarının aparıldığı 19 ölkədən biri də Azərbaycandır”.

Respublikanın baş hemotoloqu Azərbaycanda irsi qan xəstəliklərinin müayinə və müalicəsi istiqamətində görülən işlərdən də danışıb.

RMDM-in İSO15189: 2007 sertifikatını almış Laboratoriya şöbəsinin müdiri Adil Yusifov isə mama-ginekologiya və neonatologiyada müasir laborator metodlara nəzər salıb, ana və uşaq sağlamlığının qorunması naminə vacib olan məqamlara toxunub, qadınların vaxtında müayinələrdən keçməsinin zəruriliyini vurğulayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR