Sarqsyanlar rejimi öz ordusunu saxlamaq üçün ya dilənir, ya da xalqı soyur - RƏY

Sarqsyanlar rejimi öz ordusunu saxlamaq üçün ya dilənir, ya da xalqı soyur - <span style="color: red;"> RƏY
# 18 noyabr 2016 10:26 (UTC +04:00)

Son günlər Sarqsyan rejimi tərəfindən təqdim edilən “Ölən və yaralanan hərbçilərin sosial müdafiəsinin təmin edilməsi ilə bağlı qanun layihəsi” Ermənistan parlamentində, eləcə də, mətbuatında qızğın mübahisə və müzakirə obyektinə çevrilib.

Diqqət çəkən iki məqam var: əhalinin narazılığına və narahatlığına səbəb olan, qanun layihəsinə görə, işləyən hər Ermənistan vətəndaşından məcburən 1000 dram tutulması və Ermənistanın “İrs” partiyasından olan deputat Zarui Postandjanyanın parlamentdə müzakirələr zamanı səsləndirdiyi fikirlər.

Hər iki məsələ Ermənistanda böyük ajiotaj yaradıb. Əhali qorxu və təlaş içindədir. Bu, əbəs deyil. Deputat qanun layihəsi müzakirə edilərkən belə deyib: “1996-cı ildən bu günə qədər ordumuzda qeyri-döyüş itkiləri 950 nəfərdir. Amma rəsmi olaraq. Qeyri-rəsmi hesablamlar isə bunun dəfələrlə artıq, yəni 2000-dən çox olduğunu göstərir. “Bunun cavabını kim verəcək?” Erməni xalqı haqlı yerə təlaş içindədir. Müstəqil ekspertlərin hesablamalarına görə Ermənistanda hökm sürən kriminal hərbi-siyasi rejimin səriştəsizliyi, son illər ərzində orduda özbaşınalıq, rüşvətxorluq və intizamsızlıq ucbatından 10 minə yaxın hərbçi ya ölüb, ya da əlil olub. Əgər bu illər ərzində döyüş itkilərini də hesablasaq onda bu rəqəm həqiqətən erməni xalqını vahimə içində olmağa, qorxmağa və belə bir rejimin xalqını hara apara biləcəyini düşünməyə sövq edər - bu rejimin yeritdiyi işğalçılıq siyasəti və Azərbaycan ordusunun cavab zərbələri nəticəsində erməni tərəfinin itkilərinin misillərlə artacağı mütləqdir.

Məcburən tutulmalı olacaq 1000 dram məsələsi. Bu rəqəmin böyük məbləğ olduğu təsəvvürü yaranır. Əslində, bu hazırda mövcud olan valyuta kursu ilə cəmi 2.1 dollardır və bu gün Ermənistanda vəziyyət o qədər acınacaqlıdır ki, bu 2,1 dolların ailə büdcəsindən ayrılması minlərlə insanın fiziki məhvinə gətirib çıxarda bilər. Ölkədə bu məbələğ helə də yaşama üçün yeganə vəsaitdir, ümid yeridir.

Bu gün Ermənistanda hökm sürən kriminal rejim əhalini ancaq hədə-qorxu altında saxlayır və istəyini həyata keçirmək hər şeyə zor gücünə nail olmağa çalışır. Son vaxtlar dünyanın müxtəlif yerlərindən aldadılaraq “Ermənistana köçmək istəyən” erməniləri də zorla işğal altında olan ərazilərə yerləşdirməyə səy göstərirlər. Vəziyyət o qədər acınacaqlıdır ki, bu “könüllü köçkünlər” nəinki Qarabağda, hətta Yerevandan kənarda belə yaşamağa razı olmurlar. Danılmaz faktdır ki, Sarqsyan rejiminin yarıtmazlığına görə belə acınacaqlı vəziyyət Ermənistanda həyatın bütün sferalarını öz ağuşuna alıb. Ən acınacaqlı vəziyyətdə Ermənistan silahlı qüvvələridir. Bunu son günlər orada baş verən hadisələr də təsdiqləyir.

Ermənistan mətbuatının son günlər yaydığı xəbərlərin icmalı göstərir ki, başqa bir Sarqsyan da siyasətə qoşulub. Son vaxtlar onların atdığı addımlar bunun daha aydın sübutudur. O da aydın görünür ki, Serj və Viqen cütlüyü ordunu saxlamaq üçün ya dilənməyə, ya da camaatı soymağa məcburdur. Belə ki, Ermənistanın yeni müdafiə naziri Viqen Sarqsyan son günlər bir-birin­dən fərqli açıqlamalarında deyir: “Hər kəs odruya 1000 dram ödəsin, könlü istəyən artıq da ödəyə bilər. Əgər hər kəs ordunun xeyrinə 1000 dram ödəyərsə, bu, orduya kömək edər.” O, daha sonra deyir: “Bəzi biznesmenlər orduya kömək edirlər, amma bu haqda danışmır, bunu dilə gətirmirlər”. Bir neçə gün sonra isə erməni saytı “news.am” belə bir xəbər yayır ki, “Ermənistan müdafiə naziri pullu dayanacaqlar hesabına orduya kömək edilməsini müzakirə etməyə hazırdır”. Daha sonra davamlı xəbərlər yayılır ki, Müdafiə Nazirliyi yaralı əsgərin müalicəsini təşkil etməyə pul tapmır. Məbləğin yarısını hansısa bir imkanlı iş adamı verməyi “könüllü” olaraq öz boynuna götürsə də. Başqa xəbərdə isə müdafiə nazirliyi erməni əsgərləri üçün kartof, soğan almağa imkanı olmadığından ərzağı fermer təsərrüfatlarından birbaşa və ucuz qiymətə almaq üçün bölgələrdə “xüsusi qurumların” işə cəlb ediləcəyi deyilir.

Təbii ki, tez bir zamanda hələ də Ermənistanda qismən də olsa mövcud olan, daima təziqlərə məruz qalan ictimaiyyət nümayəndələri və deputatlar tərəfindən V. Sarqsyanın bu məsuliyyətsiz açıqlamalarına sərt cavablar gəldi. İlk olaraq Ermənistan parlamentinin deputatı Edmon Marukyan müdafiə naziri V. Sarqsyanın açıqlamalarına və müzakirəyə çıxarılan 1000 dramın tutulması ilə bağlı layihənin parlamentdə müzakirəsində çıxış edərkən məsələ ilə bağlı sərt fikirlər səsləndirdi. Deputat deyir ki, “guya ordunun xeyrinə kasıb camaatdan pul tutmaq barədə zorla qanun qəbul etdirmək əvəzinə, sadəcə, dövlətin pulunu səmərəli xərcləmək lazımdır. Kurort zonası Dilicanda kompleks tikdirməsəydiniz, bəzi partiya koalisiyalarına xeyir gəlsin, xoş olsun deyə mərkəzi və yerli idarəetmə aparatlarını lazımsız yerə bu qədər şişirtməsəydiniz, bir çox lazımsız israfçılığa yol verməsəydiniz və bütün bunları orduya xərcləsəydiniz cəmiyyətdə də suallar yaranmazdı ki, dövlət vəsaiti hara gedir, hara xərclənir?

Erməni xəbər resursu 1in.am saytından da kəskin ifadələrlə dolu geniş təhlil olunmuş yazı dərc edilməklə reaksiya verildi. (İxtisarla verilmiş məqaləni ht­tp:­//ru.1­in.­am/­11­73­640.­ht­ml linkindən oxuya bilərsiniz­). Erməni saytı yazır: "Biz güclü bir ölkədə yaşamaq istəyiriksə, bu lazımdır" - Ermənistan vətəndaşlarının, işləyən hər kəsin əmək haqlarından 1000 dram toplamaq, ölü və yaralı əsgərlərin ailələrinin sosial ehtiyaclarının həllinə yönəltmək təşəbbüsü ilə bağlı müdafiə naziri V. Sarqsyanın bu sözləri şantaj kimi səslənir və eyni zamanda hakimiyyət orqanlarının məsuliyyətsizliyinin kifayət qədər böyük dozada olduğunu göstərir.

Məqalədə daha sonra deyilir. “Aprel döyüşləri göstərdi ki, hakim dairələrdə taleyüklü qərarlar özbaşına, mətbəxdə, milli razılıq olmadan və ya xalq qarşısında hesabat verilmədən qəbul edilərək ölkəni zəiflətdi, müdafiəsiz qoydu.

Ona görə ki, əgər biz güclü ölkədə yaşamaq istəyiriksə, ilk növbədə seçkilər saxtalaşdırılmamalı, siyasət və iqtisadiyyat bir neçə klanın arasında bölüşdürülmüş inhisara çevrilməməli, ölkə 30 faizlik yoxsulluq və 6 milyard dollarlıq xarici borc şəraitində olmamalıdır.

Əgər biz güclü ölkədə yaşamaq istəyiriksə, rüşvətxor həbsdə olmalı, onun əmlakı ictimaiyyətin, o cümlədən ordunun ehtiyaclarının ödənilməsinə yönəldilməlidir. Əgər biz güclü ölkədə yaşamaq istəyiriksə, ön xətdə kasıb ailələrin oğulları ilə yanaşı imkanlı ailələrin də oğulları dayanmalıdırlar, orduda xidmət etməyənlər isə yük­sək vəzifələr tutmamalı, müdafiə nazirliyi tərəfindən mükafatlar almamalıdırlar.

Əgər biz güclü ölkədə yaşamaq istəyiriksə, hər kəsdən mütləq qaydada 1000 dram tutulması barədə qərarın qəbul olunmasından əvvəl daha vacib addımlar atılmalıdır. Hakimiyyətin cəmiyyətin hesabına istədiyi kimi yaşadığı, cəmiyyətin həyatı üçün isə qiymət və şərtlərin qoyulduğu ölkə güclü ola bilməz.”

V. Sarqsyan deyir ki, “kimin nə qədər qazanmasından asılı olmayaraq hər işləyən Ermənistan vətəndaşından 1000 dram tutulmalıdır. Bu cür ödənişlər hər kəsi vətənin müdafiəsini düşünməyə məcbur edəcəkdir.” Bəli, artıq kriminal hərbi-siyasi rejim zor tətbiq etmədən əhalini vətənin müdafiəsini düşündürməyə sövq edə bilmir. Odur ki, zorla pul toplamaqla buna nail olmağı daha asan yol hesab edir. Erməni mətbuatının və erməni deputatların yaydığı məlumatlar, açıqlamalar bu ölkədə vəziyyətin nə qədər kriminogen, dözülməz, yaşayışın isə acınacaqlı olduğunu göstərir. Aydın görünür ki, Serj və Viqen ordunu ya dilənməklə, ya da camaatı zorla qəbul edilmiş qanun pərdəsi altında soymaqla saxlamağa çalışır. İanələr, yardımlar, iş adamlarından daxil olan kömək hesabına milyonlarla dollar həcmində fırıldaqlar edən Sarqsyan rejiminin belə bir qərar layihəsini müzakirəyə çıxarması Ermənistanda çaşqınlıq, təəccüb, ikrah hissi yaratmaqla yanaşı, böyük ehtirazlara da səbəb olub. Müzakirələr zamanı bir-birinin ardınca açıqlama verən müxtəlif fraksiyalardan olan deputatların dediklərindən də bu narazılıq və narahatlıq aydın sezilir.

Qanunun müzakirələri zamanı “İrs” partiyasından olan deputat Zarui Postandjanyanın çıxışı daha kəskin olub. Sarqsyan rejimi yenə də müxtəlif ədabazlıqlara əl ataraq, yalançı vətən­pər­vər­lik çıxışları etməklə, əlillərə yardımdan dəm vuraraq, bəzək-düzəkdən də istifadə etməklə əməllərini ört basdır etməyə çalışsalarda, guya ölənlərin və yaralananların sosial müdafiəsini təmin etmək üçün hazırladıqları və müzakirəyə çıxardıqları qərar layihəsinə ən gözəl diaqnozu isə “Qədimdə saray qadınları orduya kömək üçün öz zinət əşyalarını verirdilər, indi isə sabiq müdafiə nazirinin xanımı bir neçə ildə milyoner olub, o da hamı kimi min dram ödəyəcəkmi? Ermənistan hakimiyyəti dilənçilik haqqında qanun yazıb” deməklə erməni deputat Zarui Postandjanyan verib.

Əlavə şərhə ehtiyac qalmır.

İsa İsmayılov, hərbi jurnalist

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR