Hesablama Palatası bələdiyyələrə strateji inkişaf planları hazırlamağı təklif edib

Hesablama Palatası bələdiyyələrə strateji inkişaf planları hazırlamağı təklif edib
# 19 may 2018 15:30 (UTC +04:00)

"İndiyə kimi heç bir bələdiyyə tərəfindən yerli iqtisadi, sosial və ekoloji proqramlar hazırlanmayıb və onların reallaşdırılması üçün dövlət büdcəsindən subvensiya alınmayıb".

"APA-Economics" xəbər verir ki, bu, Hesablama Palatasının ilk dəfə dərc olunan rəsmi məlumat bülletenində öz əksini tapıb. Hesablama Palatasının mütəxəssisləri hesab edir ki, bunun üçün ilk növbədə bələdiyyələr tərəfindən strateji inkişaf planları hazırlanmalıdır.

"Bələdiyyələrin inkişafı proqramının və sistematik strateji planlaşdırma üsulunun olmaması bələdiyyələrin inkişafında əsas əngəllərdən biridir. Hətta iri bələdiyyələr planlaşdırma bölməsinə və ya xüsusi peşəkar mütəxəssislərə malik deyillər və bələdiyyələrdə ortamüddətli planlaşdırma kadrları çatışmır. Bələdiyyə üzvləri, peşəkar bələdiyyə işçiləri və təlimçiləri üçün inkişaf və strateji planlaşdırma və onun maliyyə təminatı üzrə potensialın gücləndirilməsinin aparılmasına ehtiyac var. Qeyd etmək lazımdır ki, EUROSAI-in (Ali Audit Qurumların Avropa Təşkilatı) “Bələdiyyələrin auditi üzrə Xüsusi Qrupu”un (EUROSAİ BAXQ) üzvləri olan Avropa ölkələrinin təcrübəsi göstərir ki, bələdiyyələr büdcə strategiyasına əsasən bələdiyyə büdcələrini inkişaf planlarına uyğun olaraq təsdiq edirlər. Azərbaycanda inkişaf planlarınının reallaşdırılması üçün layihələrin maliyyələşdirilməsi və bu məqsədlə büdcədən subvensiya alınması mexanizmi hazırlanmalıdır. Həmin mexanizmə müvafiq olaraq dövlət büdcəsinin layihəsində pilot layihə kimi bir neçə bələdiyyə üzrə iqtisadi, sosial və ekoloji proqramlar və investisiya layihələri hazırlanaraq onların reallaşdırılmasına subvensiyanın verilməsi nəzərdə tutula bilər ki, bu da növbəti illərdə digər bələdiyyələrin bu işə başlamasını stimullaşdıracaq. Yerli özünü idarəetmə orqanlarının həyata keçirəcəyi layihələrin maliyyələşdirilməsi üçün məqsədli subvensiyanın verilməsi bir tərəfdən bələdiyyə institutunun təkmilləşdirilməsinə, digər tərəfdən isə yerli inkişafa ciddi təkan verə bilər", - deyə bülletendə vurğulanıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR