Azərbaycan Berlində keçirilən Beynəlxalq Konqresdə təmsil olunur - FOTO

Azərbaycan Berlində keçirilən Beynəlxalq Konqresdə təmsil olunur - <span style="color: red;">FOTO
# 06 may 2015 11:38 (UTC +04:00)

Bakı-APA. Berlin şəhərində XVIII “Səmərəli idarəetmə 2015” mövzusunda Beynəlxalq Konqres keçirilir.

Konqresin keçirilməsində məqsəd dövlət idarəçiliyinin rəqəmsallaşdırılması və dövlət xidmətlərinin göstərilməsinin müasirləşdirilməsi sahəsində mövcud imkanların beynəlxalq miqyasda araşdırılmasıdır.

Konqresdə Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri İnam Kərimovun başçılıq etdiyi nümayəndə heyəti iştirak edir. Dövlət Agentliyindən APA-ya verilən məlumata görə, tədbir çərçivəsində təşkil olunan beynəlxalq sərgidə Dövlət Agentliyi “ASAN xidmət”in fəaliyyət və nailiyyətlərinə həsr olunmuş stend ilə təmsil olunur.

Beynəlxalq Konqresə Dövlət Agentliyinin nümayəndə heyəti ilə yanaşı Almaniya, İsveçrə, Avstriya, Lixtenşteyn və bir sıra digər ölkələrin aparıcı nazirliklərinin və təşkilatlarının rəhbərləri, kütləvi informasiya vasitələri və işgüzar dairələrin 300-dən çox nümayəndəsi qatılıb.

İnam Kərimov Konqresin tədbirdə “Dövlət xidmətlərinin göstərilməsində ən son innovativ modellər: Azərbaycan nümunəsi – “ASAN xidmət” mövzusunda təqdimatla çıxış edib. Təqdimatdan sonra “ASAN xidmət” barədə hazırlanmış video-material nümayiş olunub.

Tədbir çərçivəsində İnam Kərimov Almaniyanın “Behörden Spiegel” qəzetinin baş redaktoru Üve Proll və Berlin Senatının (hökumətinin) Daxili işlər və idman məsələləri üzrə dövlət katibi Andres Statzkovski ilə ikitərəfli görüşlər keçirib.

Beynəlxalq Konqresdə və ikitərəfli görüşlərdə Azərbaycanın Almaniyadakı səfiri Pərviz Şahbazov, QHT-lərə Dövlət Dəstəyi Şurasının beynəlxalq əlaqələr şöbəsinin müdiri Mustafa Qurbanlı da iştirak ediblər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR