Mədəniyyət naziri vətəndaşları qəbul edib

Mədəniyyət naziri vətəndaşları qəbul edib
# 31 yanvar 2020 14:59 (UTC +04:00)

Yanvarın 31-də Mədəniyyət naziri Əbülfəs Qarayev Sumqayıt şəhərində, Mədəniyyət nazirinin birinci müavini Vaqif Əliyev Xızı rayonunda vətəndaşlarla görüşüb.

Mədəniyyət Nazirliyindən APA-ya verilən xəbərə görə, qəbuldan öncə Ə.Qarayev və Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət ediblər.

Sonra Ə.Qarayev Sumqayıt şəhər Heydər Əliyev Mərkəzində Sumqayıt şəhəri, Qubadlı və Şuşa rayonlarından olan vətəndaşları qəbul edib. Görüşdə sakinlər tərəfindən klub müəssisələrində ödənişli xidmətlərin göstərilməsinə dair ixtisasartırma kurslarının təşkili, televiziya və radio kanalları ilə birgə kitabın təbliği məqsədilə layihələrin həyata keçirilməsi, Şuşaya həsr olunmuş rəsm əsərlərinin sərgisinin təşkili, Xızı rayonu ərazisində tarix və mədəniyyət abidələrinin qorunması, yeni tikilmiş qaçqın şəhərciklərinə mədəniyyət müəssisələrinin köçürülməsi ilə bağlı müraciətlər səsləndirilib.

Qəbulda həmçinin Sumqayıtın Tarixi Muzeyinin ekspozisiya zallarında lazımi avadanlıqların sayının artırılması, Şuşa qalasının 270 illiyinin qeyd olunması, Qubadlı şəhər Ə.Mehdiyev adına Uşaq musiqi məktəbinin musiqi alətləri ilə təmin olunması, Sumqayıt Regional Mədəniyyət İdarəsində yaradılmış internet televiziyasının fəaliyyəti barədə, işlə təmin olunma və digər məsələlərlə bağlı müraciətlər edilib.

Mədəniyyət nazirinin birinci müavini V.Əliyevin Xızıda keçirdiyi qəbulda rayon sakinləri tərəfindən Tarix-Diyarşünaslıq Muzeyinin yaradılması, Mikayıl Müşfiq Muzeyinin yerləşdiyi ərazinin hasara alınması, Cəfər Cabbarlı adına Xızı rayon Mədəniyyət Mərkəzi üçün müasir tələblərə cavab verən yeni binanın tikilməsi ilə bağlı müraciətlər səsləndirilib.

Vətəndaşlar eyni zamanda kitabxana fondlarının dərsliklərlə zənginləşdirilməsi, Giləzi Uşaq musiqi məktəbinə musiqi alətlərinin verilməsi, rayonda yeni uşaq musiqi məktəbinin yaradılması, Mərkəzləşdirilmiş Kitabxana Sisteminin (MKS) binasının əsaslı təmiri, işlə təmin olunma və digər məsələlərlə bağlı V.Əliyevə müraciət ediblər.

Mədəniyyət Nazirliyinin aidiyyəti struktur bölmələri nümayəndələrinin də iştirak etdiyi görüşlərdə bütün müraciətlər dinlənilib, qaldırılan məsələlərin əksəriyyəti yerində həllini tapıb. Bəzi müraciətlərin araşdırılması və qanunvericilik çərçivəsində həll olunması məqsədilə müvafiq tapşırıqlar verilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR