“Nikoil Bank” kredit üzrə ödəmələrdə çətinlik çəkən müştərilərə güzəşt edib

“Nikoil Bank” kredit üzrə ödəmələrdə çətinlik çəkən müştərilərə güzəşt edib
# 19 mart 2015 15:18 (UTC +04:00)

Bakı. Musa Əhmədov – APA-Economics. “Nikoil Bank” kredit üzrə ödəmələrdə çətinlik çəkən müştərilərə güzəşt edib.

Bankdan “APA-Economics”ə verilən məlumata görə, bu barədə “Nikoil Bank”ın İdarə Heyətinin sədri Vasili Viktoroviç Xamaza məlumat verib. Onun sözlərinə görə, müştərilər ABŞ dolları ilə verilən bütün kreditlər üzrə əlavə komissiya və ya ödəniş olmadan kreditlərin müddətini 40%-ə qədər uzada bilər.

O, bütün müştəriləri vəkillik kontoruna və digər instansiyalara müraciət etməzdən əvvəl banka müraciəti məsləhət görüb.

Qeyd edək ki, bu proqram üzrə bu günə qədər bank 600-dən artıq kreditin vaxtını uzadıb.

Həmçinin bir aydan artıqdır ki, bankda müştəri əmanətləri üzrə əlavə olunmuş faizləri itirmədən xarici valyutaya konvertasiya etmək imkanı verən aksiya davam edir.

Hal-hazırda yeni “Vergisiz” depoziti aksiyası da aktiv şəkildə davam edir. Bu depozitin şərtlərinə uyğun olaraq, bank depozit üzrə yüksək gəliri saxlayaraq, verginin ödəməsini öz üzərinə götürür.

V.Xamaza qeyd edib ki, ölkədə kurs siyasətinin dəyişməsi ilə bağlı bankda və ümumiyyətlə bazarda yaranmış vəziyyətə baxmayaraq, səhmdarlar banka tələb olunan məbləğdə köməklik göstərməyə hazır olduqlarını bildiriblər. Qeyd edilib ki, ilin sonuna kimi “Nikoil Bank”ın Azərbaycan Mərkəzi Bankı (AMB) tərəfindən kapital üzrə qoyulan bütün normativləri yerinə yetiriləcək. Onun fikrincə, bankları və onların müştərilərini dəstəkləmək üçün AMB tərəfindən görülən bütün tədbirlər əlverişli, düşünülmüş və vaxtında görülüb.

V.Xamaza vurğulayıb ki, fevralın 21 və 22-si də daxil olmaqla bütün dövr ərzində bank bir dəfə də olsun müştərilərinə nağd pulun ödənilməsi, o cümlədən də əmanətlərin geri götürülməsindən imtina etməyib.

Planlara toxunan V.Xamaza bildirib ki, yaranmış vəziyyətdə bank ipoteka kreditləri və Sahibkarlığa Kömək Milli Fondunun xətti ilə verilən kreditlər, yüksək texnoloji bank xidməti, vaxtı keçmiş borclarla bağlı iş və dövlət maliyyələşdirilməsi ilə bağlı olan kredit məhsullarına daha çox diqqət yetirir.

Bankın yaxın perspektivdəki prioriteti – müştərilərə kredit vermə prosesinin bərpası, cari ilin planlarının yenidən işlənilməsi, o cümlədən bəzi investisiya proqramlarının azaldılması, müştərilərin loyallığının artırılmasıdır.

Trendlər haqda danışan V.Xamaza bildirib ki, dünyada olduğu kimi ölkənin bank sistemi yüksək texnologiyalar və distansiya bank xidmətləri istiqamətində aktiv şəkildə inkişaf edəcək.

O qeyd edib ki, bank cari ildə İslam bankçılıq xətti üzrə Bəhreyn və Yəməndən bir sıra xarici investisiyaların cəlb edilməsini nəzərdə tutur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR