AŞPA Ermənistanın parlament seçkilərində qanun pozuntularının təkrarlanacağından ehtiyat edir

AŞPA Ermənistanın parlament seçkilərində qanun pozuntularının təkrarlanacağından ehtiyat edir
# 24 fevral 2017 07:17 (UTC +04:00)

Avropa Şurası Parlament Assambleyası (AŞPA) Ermənistanda parlament seçkilərində qanun pozuntularının təkrarlanacağından ehtiyat edir.

APA-nın AŞPA-nın saytına istinadən verdiyi məlumata görə, bu barədə qurumun seçkiqabağı nümayəndə heyətinin yaydığı məruzədə qeyd olunub.

Məruzədə deyilir ki, nümayəndə heyəti Ermənistanda seçki qanunvericiliyinin azad və demokratik şəkildə təşkil olunmasına imkan verdiyi barədə Venesiya Komissiyasının 2016-cı ildə verdiyi rəylə razıdır. Lakin bu, ancaq siyasi iradə və vicdanlı yanaşma olduğu təqdirdə həyata keçirilə bilər.

Bununla belə, yeni Seçki Məcəlləsinin detallı izahını dinləyəndən sonra nümayəndə heyəti qərara gəlib ki, Məcəllə geniş ictimayyət tərəfindən başa düşülməsi baxımından hələ də çox mürəkkəbdir. Bu isə qarışıqlığa səbəb ola və seçki prosesinə mövcud inamsızlığı artıra bilər.

Nümayəndə heyəti xatırladıb ki, Ermənistanda keçmiş seçkilərin müşahidəsi zamanı Parlament Assambleyası, ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosu və digər beynəlxalq müşahidəçilər inzibati resurslardan sui-istifadəyə, hədə-qorxu və seçki kampaniyaları zamanı seçicilərə qarşı hətta fiziki zorakılıq hallarına görə hakimiyyəti tənqid edib.

Nümayəndə heyəti müvafiq hakimiyyət orqanlarını bütün lazımi tədbirləri görməyə çağırıb.

Nümayəndə heyətinin qənaətinə görə, Ermənistanda siyasi mədəniyyətin inkişafına ehtiyac var. Belə ki, ölkədə siyasət bu və ya digər şəxslərin adı ilə bağlıdır, ideologiya və ölkə qarşısında duran çoxsaylı siyasi, iqtisadi və sosial məsələni özündə əks etdirən siyasi proqramlar yoxdur.

Qeyd edək ki, isveçrəli məruzəçi Lilian Mori-Paskyenin başçılıq etdiyi üç nəfərlik nümayəndə heyəti Ermənistanda aprelin 2-də keçiriləcək parlament seçkiləri öncəsi ölkədəki seçki kampaniyası və siyasi mühitlə tanış olmaq üçün fevralın 22-23-də İrəvanda səfərdə olub, mxtəlif görüşlər keçirib.

Ermənistanda aprelin 2-də keçiriləcək parlament seçkilərini AŞPA-nın 32 nəfərlik nümayəndə heyəti müşahidə edəcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR