Bakı. Aqşin Rafiqoğlu - APA-Economics. “Xəzər Lənkəran” və “Azerfon” şirkəti arasında ikiillik korporativ tərəfdaşlıq müqaviləsi imzalanıb.
“APA-Economics”in məlumatına görə, futbol klubu ilə “Nar Mobile” ticarət nişanı ilə fəaliyyət göstərən şirkət arasında anlaşma bu il oktyabrın 1-dən qüvvəyə minib.
Bu razılaşmaya əsasən tərəflər üzərilərinə qarşılıqlı korporativ xidmət öhdəliyi götürüblər. Eyni zamanda şirkətlər arasında ayrıca sponsorluq müqaviləsi də imzalanıb ki, bu müqavilə də “Azerfon” şirkətinin “Xəzər Lənkəran” futbol klubunun iştirakı ilə keçirilən bütün yarış və tədbirlərdə klubun rəsmi tərəfdaşı olacağını təsdiq edir.
“Azerfon” şirkətinin baş icraçı direktoru Kent Maknili, "Xəzər Lənkəran" futbol klubunun və ümumilikdə "Palmali" Şirkət Qrupunun fəaliyyətini yüksək qiymətləndirib. Son illər “Nar Mobile” mobil operatorunun nəzərə çarpacaq uğurlara imza atdiğını xüsusi qeyd edən şirkət rəhbəri, Azərbaycanın biznes mühitində öz yeri və çəkisi olan ən iri holdinq və şirkətlərin artıq “Azerfon” ilə əməkdaşlığa başlamalarının bunun əyani sübutu olduğunu vurğulayıb.
Öz növbəsində, “Xəzər Lənkaran” klubunun vitse-prezidenti Tuyqun Nadirov qeyd edib ki, sözügedən müqavilələrin imzalanması tərəflər arasında uğurlu əməkdaşlığın təməlinin qoyulması anlamına gəlir. “Azerfon“ və “Xəzər Lənkəran” FK arasında sponsorluq müqaviləsinin önəmliliyi xüsusi qeyd edilərək bildirilib ki, ölkənin ən böyük azarkeş kütləsinə malik klubu ilə “Nar Mobile” mobil operatoru arasında əməkdaşlıq hər iki tərəf üçün məhsuldar və effektiv olacaq.