Vergilər Nazirliyi işçilərlə əmək müqavilələri bağlamayan sahibkarlar barəsində cinayət işi başlayıb

Vergilər Nazirliyi işçilərlə əmək müqavilələri bağlamayan sahibkarlar barəsində cinayət işi başlayıb
# 23 oktyabr 2014 12:31 (UTC +04:00)

Bakı. Musa Əhmədov - APA-Economics. Vergilər Nazirliyi tərəfindən əmək münasibətləri sahəsində əməliyyat nəzarət tədbirləri həyata keçirilib.

Nazirlikdən “APA-Economics”ə verilən məlumata görə, əməliyyat nəzarət tədbirləri nəticəsində Binəqədi rayonunda yerləşən, Zülfüqarov Samir Sənan oğluna məxsus idman-əyləncə mərkəzinin tikintisində 20 nəfərin, Səbail rayonu Badamdar qəsəbəsində yerləşən, Qarahmədov Elxan Cəmi oğluna məxsus otel tikintisində isə 27 nəfərin Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən müxtəlif işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edildiyi aşkarlanıb.

Əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən müxtəlif işlərin yerinə yetirilməsinə cəlb edilmiş işçilərdən alınmış izahatlardan aydın olub ki, onların tikinti obyektlərində xeyli müddət işləmələrinə baxmayaraq, heç biri ilə əmək müqaviləsinin hüquqi qüvvəyə minməsi ilə bağlı rəsmiləşdirmə işləri aparılmayıb. Bundan əlavə, hər iki şəxsin vergi orqanında uçota durmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olduğu da müəyyən edilib. Hər iki faktla bağlı materiallar Cinayət Məcəlləsinin müvafiq maddəsi üzrə cinayət işinin başlanması məqsədilə Vergi Cinayətlərinin İbtidai Araşdırılması Departamentinə göndərilib.

Vergilər Nazirliyi bir daha xəbərdarlıq edir ki, işçilərin əmək müqaviləsi hüquqi qüvvəyə minmədən işlərin görülməsinə cəlb edilməsi hallarının qarşısı gələcəkdə də qətiyyətlə alınacaq. İntizamsız vergi ödəyicilərinə qarşı qanunda nəzərdə tutulan ən sərt tədbirlər görüləcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR