Azərbaycanda institutun adının dəyişdirilməsi təklif edilir

Azərbaycanda institutun adının dəyişdirilməsi təklif edilir
# 27 noyabr 2014 14:26 (UTC +04:00)

Bakı. Könül Kamilqızı - APA. Bu gün Təhsil Problemləri İnstitutunun yeni loqosunun təqdimatı keçirilib.

APA-nın xəbərinə görə, tədbirdə Təhsil Problemləri İnstitutunun direktoru Qulu Novruzov öncə bu il ərzində institutda aparılan islahatlar və yeniliklər barədə məlumat verib.

O bildirib ki, Təhsil Nazirliyinin institut qarşısında qoyduğu tapşırıqlar Azərbaycanda Təhsilin İnkişafı üzrə Dövlət Strategiyasının hədəflərini yerinə yetirməkdir. Yeni loqo barədə də danışan Q.Novruzovun sözlərinə görə, hər bir loqo şirkətin görüntülü işarəsidir: "İnstitutun loqosu hazırlanarkən onun sadə və əhatəli olması əsas götürülüb".

İnstitut direktoru Təhsil Nazirliyinə müxtəlif təkliflərin verildiyini də əlavə edib: “Təhsil Nazirliyinə institutda struktur dəyişiklərinin aparılması ilə yanaşı, adının dəyişdirilməsi də təklif verilib. Amma bu məsələ Təhsil Nazirliyinin deyil, Nazirlər Kabinetinin sərəncamındadır. Bu baxımdan da institutun adının dəyişməsi məsələsində bir az gözləməli olacağıq”.

İnstitutun Təhsil Texnologiyaları Mərkəzinin direktoru Muxtar Həsənov bildirib ki, yeni loqoda pero, kitab, məzun papağı və 8 guşəli ulduz əks olunub: "Pero özündə yaradıcılıq, tədqiqat və elmi zəhməti, kitab tədqiqatın, yaradıcılığın əsası kimi informasiya mənbəyini, məzun papağı elmli, kamil, yetkin və papaq daşıyacaq qeyrətli insan obarazını, 8 güşəli ulduz isə dövlətçilik və millilik atributunu özündə əks etdirir. Loqo iki rəngdə - ağ fonda göy, göy fonda ağ rəngdədir".

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR