Bank Of Baku

Azərbaycan yığması sabah tarixində 208-ci qarşılaşmaya çıxacaq

Azərbaycan yığması sabah tarixində 208-ci qarşılaşmaya çıxacaq
# 08 sentyabr 2014 12:57 (UTC +04:00)

Bakı – APA. Bolqarıstanla sabah keçiriləcək qarşılaşma Azərbaycan yığmasının tarixində 208-ci qarşılaşma olacaq. Apasport.az saytının məlumatına görə, ilk görüşünü 1992-ci ilin sentyabrın 17-də Gürcüstanla səfərdə keçirən (3:6) komandamız AVRO-2016-nın seçmə mərhələsinin startına qədər 207 oyunda qüvvəsini sınayıb.

 

 “Bakcell Arena” stadionunda baş tutacaq qarşılaşmayadək 38 qələbə qazanan yığmamız 56 dəfə heç-heçə ilə kifayətlənib. 113 dəfə meydanı başıaşağı tərk edən millimiz uduzmasa, 95-ci məğlubiyyətsiz oyununa sevinəcək. Komandamızın futbolçuları bu görüşlərdə 147 dəfə rəqib qapısına yol tapıblar. Bu qarşılaşmalarda qapıçılarımız 352 topun buraxılmasına üzülüblər.


2014-cü ildə 5-ci qarşılaşmaya çıxacaq komandamız qol həsrətinə son qoymağa çalışacaq. Filippin üzərində 1:0 hesablı qələbədən sonra 3 oyuna çıxan komandamız ABŞ (0:2), Özbəkistan (0:0) və Rusiya (0:4) ilə qarşılaşmalarda qol vura bilməyib.

 

Ümumilikdə 11-ci, Avropa çempionatlarında isə 6-cı seçmə mərhələyə başlayan komandamız əvvəlki 10 tsikldə 98 oyun keçirib. 99-cu qarşılaşmaya çıxacaq millimiz 9 qələbə qazandığından yubiley – 10-cu uğurun astanasındadır. 19 heç-heçəsi olan yığmamız üçün bərabərlik 20-ci kimi tarixə düşəcək. Yığmamız bu matçlarda 70 dəfə uduzub. Seçmə oyunlarda 50-ci qolun intizarında olan futbolçularımız 48 dəfə fərqlənibsə, 214 top buraxıb.

 

Avropa çempionatlarının seçmə oyunlarında isə 5 qələbə, 6 heç-heçə və 39 məğlubiyyət qeydə alınıb. Top fərqi də rəqiblərimizin xeyrinədir – 29:129.


Bu görüş millimizin 68 yaşlı baş məşqçisi Berti Foqtsun postunda 69-cu oyunu kimi tarixə düşəcək. 6 ildir yığmamıza rəhbərlik edən almaniyalı mütəxəssis indiyədək 68 qarşılaşmada komandanın “sükanı arxasında” olub. Həmin görüşlərdə futbolçularımızın 15 qələbəsi, 22 heç-heçəsi və 31 məğlubiyyəti var. Foqts 54 qolun sevincini yaşayıbsa, rəqiblər isə millimizin qapıçılarını 94 dəfə məyus edib.

 

Bunadək 3 seçmə mərhələdə komandamıza rəhbərlik edən almaniyalı 30 belə qarşılaşmada iş başında olub. Foqts seçmə oyunlarında 4 qələbə, 9 heç-heçə və 17 məğlubiyyətə şahid olub. Onun yetirmələri 21 qol vurub, 51-ni buraxıb.

 

Qeyd edək ki, indiyədək 64 komanda ilə qarşılaşan millimiz 2-ci dəfə Bolqarıstanla üz-üzə gələcək.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR