Bank Of Baku

Berti Foqts: “Arzu edirəm ki, klublarında məşq edən futbolçular millini də unutmasınlar”

Berti Foqts: “Arzu edirəm ki, klublarında məşq edən futbolçular millini də unutmasınlar”
# 12 sentyabr 2014 08:58 (UTC +04:00)

Bakı - APA. "Avro-2016-nın seçmə mərhələsində keçirilmiş Azərbaycan - Bolqarıstan oyununun təhlilini, azarkeşlərin və şəxsi məyusluğumu nəzərə alaraq, milli komandanın baş məşqçisi kimi yalnız oyun barədə fikirlərimi deyil, həm də hisslərimi bölüşməyi özümə borc bilirəm”.

 

Apasport.az saytının məlumatına görə, bu sözləri Azərbaycan milli futbol komandasının baş məşqçisi Berti Foqts AFFA-nın rəsmi saytına açıqlamasında deyib.

 

Almaniyalı mütəxəssis Avro-2016-nın seçmə mərhələsinin Bolqarıstanla Bakıdakı görüş (1:2) haqda fikirlərini açıqlayıb: “Oyuna yaxşı başladıq. Məqsədimiz erkən qol vurmaq idi. Təxminən ilk 10-12 dəqiqə ərzində 2 qol epizodu yaratsaq da, futbolçularımızın fərdi ustalığının çatışmazlığı ucbatından hesabı aça bilmədik. Rəqibin qapımız qarşısında yaratdığı, demək olar ki, ilk real qol epizodu isə qolla nəticələndi. Sevindirici məqam o oldu ki, hesabda geri düşməyimizə baxmayaraq, cavab qolu vura bildik”.

 

Foqts futbolçulardan narazılığını da bir daha ifadə edib: “Amma bunu mütləq qeyd etməliyəm ki, rəsmi oyunlarda milli komandanın hər bir futbolçusu ikiqat məsuliyyət hiss etməlidir. Dəfələrlə bildirmişəm ki, beynəlxalq səviyyəli futbolla ayaqlaşa bilmək üçün klublarda da fiziki hazırlığın yüksəldilməsi istiqamətində daha artıq iş görülməlidir. Milli komandada bir-birini çox yaxşı tanıyan futbolçular çıxış edir. Hətta komandaya yeni qoşulanlar da uyğunlaşma problemi yaşamır”.

 

Almaniyalı mütəxəssis məğlubiyyətə üzüldüyünü bildirib: “Azarkeşlər də, AFFA rəhbərliyi də bizdən qələbə gözləyirdi. Çünki bu, birinci oyun olduğu üçün seçmə mərhələyə pozitiv əhval-ruhiyyədə başlamaq baxımından vacib amil idi. Təbii ki, mən də, futbolçular da qələbəyə hazırlaşmışdıq. Təəssüf ki, oyunun sonuna 3 dəqiqə qalmış buraxılan kobud səhv ucbatından həm 1, həm də 3 xaldan məhrum olduq. İlin sonuna qədər bizi qrupun favorit komandalarına qarşı 3 oyun gözləyir. Arzu edirəm ki, həmin oyunlaradək klublarında məşq edən futbolçular millini də unutmasınlar”.

 

Foqts oyundan sonra keçirilən mətbuat konfransında jurnalistlərlə arasında yaşananlara da aydınlıq gətirib: “Mətbuat konfransında baş verənlərə də aydınlıq gətirmək istərdim. Məğlubiyyətə görə hər birimiz emosional və həyəcanlı idik. Mətbuat nümayəndələrindən bunu unutmağı xahiş edirəm. Jurnalist dostlarımdan bir ricam da var ki, oyunun təhlili zamanı təkcə bir futbolçunun deyil, ümumilikdə bütün komandanın, hər bir futbolçunun çıxışını diqqət mərkəzində saxlayaq".

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR