İrpen şəhərinin meri və şəhər soveti azərbaycanlı zabitə Milli Qəhrəman adının verilməsi üçün Müdafiə Nazirliyinə və prezidentə müraciət edib

İrpen şəhərinin meri və şəhər soveti azərbaycanlı zabitə Milli Qəhrəman adının verilməsi üçün Müdafiə Nazirliyinə və prezidentə müraciət edib
# 05 dekabr 2014 14:46 (UTC +04:00)

Bakı. Mübariz Aslanov - APA. Ukraynanın İrpen şəhərinin meri və şəhər soveti bu şəhərin sakini, ölkənin şərqində gedən döyüşlərdə qəhrəmancasına həlak olan kapitan Bağırov İlqar Saleh oğluna Milli Qəhrəman adının verilməsi üçün Müdafiə Nazirliyinə və ölkə prezidentinə rəsmi müraciət edib.

Birləşmiş Ukrayna Azərbaycanlıları Konqresinin sədr müavini, İrpendəki Azərbaycan diasporunun rəhbəri Namiq Quliyev APA-ya açıqlamasında bildirib ki, şəhər meri Vladimir Karplyukun imzası ilə göndərilən müraciətdə Müdafiə Nazirliyinin xüsusi 11-ci batalyonunun azərbaycanlı komandir müavini İ. Bağırovun qəhrəmanlığının qiymətləndirilməsi xahiş olunub, bildirilib ki, veriləcək bu qiymət şəhər sakinlərinin vətənpərvərlik ruhuna yüksək təkan olacaq.

N. Quliyev qeyd edib ki, meriyadan və şəhər sovetindən onlara göndərilən rəsmi məktubda deyilir ki, göndərilən müraciət müsbət qarşılanıb və tezliklə baxılacağı bildirilib: “Kiyevdəki hazırkı siyasi və ictimai rəy də tezliklə İlqara Milli Qəhrəman adının verilməsinin tərəfdardır. Ona görə də tezliklə ona bu adın verilməsi realdır”.

Qeyd edək ki, İ. Bağırov 1970-ci il mayın 12-də Bakıda anadan olub.

Ukrayna Silahlı Qüvvələrində hərbi xidmət keçən İ. Bağırov ölkənin şərqində döyüşlər başlayan gündən Müdafiə Nazirliyinin nəzdində yaradılan 11 batalyona kəşfiyyat üzrə komandir müavini təyin edilib. Bu il sentyabrın sonlarında Luqansk vilayətinin Debaltsevo şəhərində gedən qızğın döyüşlər zamanı onun rəhbərlik etdiyi kəşfiyyat qrupu mühasirəyə düşüb. Qarşı tərəfi xeyli itkiyə uğratdıqdan sonra İlqar mühasirədən çıxmayacağını görüb, əl qumabarası ilə özünü partladıb.

Naməlum şəxslər tərəfindən meyiti tapılaraq elə həmin yerdə dəfn olunub. Bir müddət əvvəl isə Ukrayna Ordusu onun meyitinin yerini öyrənib, həmin ərazidən çıxararaq İrpenə gətirib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR