“Bakcell” jurnalistlər üçün seminar təşkil edib

“Bakcell” jurnalistlər üçün seminar təşkil edib
# 01 dekabr 2014 15:04 (UTC +04:00)

Bakı. Aynur Əliyeva - APA-Economics. Azərbaycanın mobil operatoru və mobil internet provayderi “Bakcell” şirkəti jurnalistlər üçün “Mobil telekommunikasiyaya giriş” adlı seminar təşkil edib.

APA-Economics”in məlumatına görə, seminarın məqsədi ümumilikdə informasiya-kommunikasiya texnologiyaları və mobil telekommunikasiya, mobil telekommunikasiyanın bu günü və gələcəyi, internet təhlükəsizliyi, abunəçilərin mobil operatorlardan gözləntiləri və s. haqqında jurnalistlərin məlumatlılığını artırmaq olub.

28-29 noyabr tarixlərində Qusar rayonunda “Şahdağ Pik Palace” otelində keçirilən tədbirdə “Bakcell”in baş müştəri xidmətləri direktoru Selda Kokmaz Bostancıoğlu abunəçinin öz mobil rabitə təchizatçısından gözləntiləri, yeni texnologiyalar və keyfiyyətin qiymətləndirilməsi departamentinin rəhbəri Roman İqnatenko mobil telekommunikasiyanın bu günü və inkişaf perspektivləri, əlavə xidmətlər bölməsinin rəhbəri Gürel Aktaş mobil kommunikasiyada geniş yayılmış əlavə xidmətlərin əhəmiyyəti, yeni məhsulların inkişafı bölməsinin rəhbəri Cəlil Xəlilov mobil imza və mobil tətbiqetmələr və Qafqaz Universitetinin kompüter mühəndisliyi fakültəsinin dekanı Abzetdin Adamov kiber gigiyena haqqında faydalı təqdimatlar ediblər.

Seminar iştirakçıları “Bakcell” tərəfindən Şahdağ ərazisində yerləşən oteldə quraşdırılan və burada mobil rabitəni təmin edən binadaxili avadanlığın yerləşdiyi əraziyə baş çəkib, qurğunun iş prinsipi ilə tanış olublar. “Bakcell” son illər ərzində istər paytaxtda, istərsə də respublikanın ən ucqar bölgələrində yerləşən böyük binalarda bu cür binadaxili həllər quraşdırıb.

Həmçinin seminarın keçirildiyi müddət ərzində “Bakcell” Şahdağ ərazisinə mobil (daşına bilən) baza stansiyası gətirib və bu qurğu jurnalistlərə nümayiş etdirilib. Şirkətin xüsusi avtomobillər üzərində daşınan mobil baza stansiyalarını istənilən nöqtədə qurmaq və keyfiyyətli mobil rabitə xidmətindən istifadə etmək mümkündür.

“Biz seminarda təqdim etdiyimiz hər bir mövzunu mətbuatın gündəlik təhlilinə və diqqət mərkəzində olan aktual mövzulara əsasən seçdik. Bu, çox uğurlu bir model oldu və jurnalistlər tərəfindən böyük maraqla qarşılandı. Bu formatda seminarlar mütəmadi olaraq jurnalistlər, tələbələr və s. üçün təşkil olunacaq”, - deyə “Bakcell”in korporativ kommunikasiya bölməsinin rəhbəri Süheylə Cəfərova bildirib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR