Bakı – APA. “Futbolçu kimi həmişə qalib olmuşam. Çalışıram ki, məşqçi kimi oyunçularıma da buna nail olmağa kömək edib, Azərbaycanı qalib komandaya çevirim”. Apasport.az saytının məlumatına görə, bu sözləri Azərbaycan millisinin baş məşqçisi Robert Prosineçki deyib.
Yığmamızdakı fəaliyyətindən danışan Prosineçki millimizlə AVRO-2020-nin final mərhələsində iştirak etmək arzusunu açıqlayıb: “Azərbaycan futbolunda potensial olduğunu hesab edirəm. Gənc futbolçular var, infrastruktura da yatırımlar edilir. Azərbaycan futbol ölkəsinə çevrilmək istəyir. Bu istiqamətdə müəyyən irəliləyiş də əldə edilib. AVRO-2020-nin final mərhələsində çıxış etmək çox vacibdi. Bəzi oyunlarının Bakıda keçiriləcəyi yarışın final mərhələsində oynamaq Azərbaycan üçün ideal olardı. Əlbəttə, biz bir sıra nəticələr imza atmalıyıq ki, ölkədə futbola maraq daha da artsın. Azərbaycan idman ölkəsidi, burada futbolu da sevirlər”.
Prosineçki gələn ay Bakıda keçiriləcək I Avropa Oyunları ilə bağlı fikirlərini də açıqlayıb, yarışın əhəmiyyətini qeyd edib: “Avropa Oyunları kimi mötəbər yarışa ev sahibliyinin edilməsi infrastrukturunun daha da yaxşılaşmasına səbəb olub. Yeni stadionlar tikilib, bir çox başqa məsələlərdə irəliləyiş əldə edilib. Bakı özü də yaşamaq üçün ideal Avropa şəhəridi. Əminəm ki, Avropa Oyunları təkcə futbol deyil, bütövlükdə idmanın inkişafına kömək edəcək”.
Qeyd edək ki, Avropa Oyunları iyunun 12-28-də keçiriləcək.