“InvestAZ” Bakı Fond Birjası tarixində ən böyük həcmdə istiqraz yerləşdirilməsinə brokerlik edir

“InvestAZ” Bakı Fond Birjası tarixində ən böyük həcmdə istiqraz yerləşdirilməsinə brokerlik edir
# 30 iyul 2014 12:06 (UTC +04:00)

Bakı. Pərviz Nuriyev – APA-Economics. “Cənub Qaz Dəhlizi” QSC-nin istiqrazlarının emissiyası prospekti Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi tərəfindən qeydə alınıb.

“InvestAZ”dan “APA-Economics”ə verilən məlumata görə, istiqrazlar kütləvi satış üsulu ilə Bakı Fond Birjasında satışa çıxarılıb, alıcı tərəfi təmsil edən broker şirkəti olaraq “InvestAZ” investisiya şirkəti seçilib. Emissiyanın ilkin buraxılışının tam həcmini Dövlət Neft Fondu əldə edib.

İstiqrazların emissiya həcmi 1mlrd. 246 mln. 355 min dollar, yerləşdiriləcək istiqrazların sayı 12 mln. 463 min 550 ədəd, bir istiqrazın nominal dəyəri isə 100 dollar təşkil edir. Bu Bakı Fond Birjasında həcminə görə keçirilmiş ən böyük əqddir.

İstiqrazların tədavül müddəti 720 gün, 6 ayda istiqraz üzrə gəlirlilik Libor +1% və faiz ödəniş dövrünün müddəti hər 6 aydan bir müəyyən olunub.

Qeyd edək ki, “InvestAZ” şirkəti Qiymətli Kağızlar üzrə Dövlət Kömitəsi tərəfindən broker və diler fəaliyyəti üzrə lisenziya almış investisiya şirkətidir. Şirkət eyni zamanda Türkiyə Respublikasında da tam lisenziyalaşmış maliyyə və broker xidmətləri göstərən eyni adlı qurumla təmsil olunur. Bakı Fond Birjası və Borsa İstanbulun səhmdarı və üzvüdür.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR