Bakı – APA. “Azərbaycan yığması ilə oyun bizim üçün çox vacibdi. Çünki seçmə mərhələ görüşü öncəsi futbolçuların hansı vəziyyətdə olduqlarını görəcəyik”. Apasport.az saytının məlumatına görə, bunu Serbiya millisinin baş məşqçisi Radovan Çuriçiç deyib.
İyunun 7-də Avstriyada Azərbaycan millisi ilə yoldaşlıq oyununda üz-üzə gələcək Serbiya yığmasının çalışdırıcısı bununla bağlı mətbuat konfransı keçirib.
Çuriçiç Danimarka ilə seçmə mərhələ görüşü öncəsi yığmamızla matça böyük önəm verdiklərini vurğulayıb: “Martda Portuqaliya ilə keçirdiyimiz oyundan sonra hansı futbolçunun hədəflərimizə uyğun olduğunu müəyyən etmək üçün kifayət qədər vaxtımız oldu. Azərbaycanla oyun bizim üçün ciddi sınaq olacaq. Çünki rəqibin baş məşqçisi Robert Prosineçki orda ciddi yeniliklər edib. Azərbaycan millisi sadəlövh komanda deyil. Biz bu qarşılaşmanı yüksək səviyyədə keçirmək və Danimarka ilə görüşə müsbət ab-havada çıxmaq istəyirik”.
Qeyd edək ki, Avro-2016-nın seçmə mərhələsində 4 oyundan sonra aktivində 1 xal olan Serbiya yığmamızla matçdan sonra, iyunun 13-də Kopenhagendə Danimarkanın qonağı olacaq.