Bakı – APA. “Simurq” – AZAL matçını mən də izlədim. Baş hakim Orxan Məmmədovun hər iki penalti qərarı haqlı idi”. Bu sözləri apasport.az saytına açıqlamasında Hakimlər Komitəsinin sədri Xaqani Məmmədov deyib.
Ölkə çempionatının XXVII turu çərçivəsində “Simurq”un minimal hesablı (1:0) qələbəsi ilə başa çatan matçda ev sahiblərinin qapısına təyin olunan penalti heç də birmənalı qarşılanmadı.
Əksəriyyət həmin epizodda Samir Zərgərovun Viktor İbekoyiyə qarşı kobud oynamadığını düşünür. Ancaq Məmmədov başqa fikirdədi: “İbekoyi özünü yerə atmadı. Rəqib futbolçu onu əli ilə itələdi. Düzdü, epizodu mən də hələlik 1 rakursdan görmüşəm. Digər kameralardakı görüntünü də izlədikdən sonra tam əmin olacam. Amma mənim fikrim budu ki, Orxan Məmmədovun “Simurq”un qapısına təyin etdiyi penalti də haqlı idi. Ev sahiblərinin lehinə verilən penalti epizodundan isə danışmağa dəyməz. Çünki AZAL-ın futbolçusu topa əllə toxunmuşdu. Əl qeyri-təbii vəziyyətdə idi və futbolçu əlini konkret olaraq, sifətinin qarşısını kəsmək üçün havaya qaldırmışdı. Yəni, burda heç bir bəhanə keçmir. Penalti də düzgün verilmişdi”.
Orxan Məmmədov haqda danışan Hakimlər Komitəsinin sədri onun matçı səhvsiz idarə etmədiyini etiraf edib: “Təbii ki, səhvləri oldu. Həm o, həm də digər hakimlər çox işləməlidilər. Orxan 2 gün qabaq Polşadan gəlib. O, U-17-lər arasında Avropa çempionatının elit-raund mərhələsinin iki görüşünü idarə etdi. Hər iki matçda özünü yaxşı tərəfdən göstərdi. Aldığı qiymətlər də əladı. Amma yenə də üzərində işləməlidi”.
Xaqani Məmmədov U-19-lar arasında Avropa çempionatının elit-raund mərhələsinin oyunlarını idarə edən Əliyar Ağayev haqda da danışıb: “Əliyar Slovakiya – İrlandiya matçında 4 qırmızı vərəqə göstərib və 1 penalti təyin edib. Onunla əlaqə saxladım. Matçdan sonra hakim-inspektorla epizodları müzakirə ediblər. Məlum olub ki, bütün qərarları doğrudu”.
Keçmiş referi mövsümün sonunda karyerasını bitirəcəyi gözlənilən Vüsal Əliyev haqda da söz açıb. O, Əliyevin hakimlikdən getməsinin tərəfdarı olmadığını bildirib: “Vüsal özü getmək istəyir. Amma şəxsən mən onun hakimliyə davam etməsinin tərəfdarıyam. Çünki bizim ona ehtiyacımız var. Lakin son qərarı özü verəcək”.