Kəlağayısı ilə məşhur olan, sakinləri torpağın altında yaşayan Azərbaycan şəhəri - ARAŞDIRMA

Kəlağayısı ilə məşhur olan, sakinləri torpağın altında yaşayan Azərbaycan şəhəri - ARAŞDIRMA
# 18 oktyabr 2023 14:52 (UTC +04:00)

Birinci yazı – XOY

İkinci yazı – Urmiya

Üçüncü yazı – Güney Azərbaycanda Novruz adətləri

Dördüncü yazı – Güney Azərbaycanda farslaşdırılmış türk adları

Beşinci yazı – Ərdəbil

Altıncı yazı – Güney Azərbaycanın milli oyanışında futbolun gücü

Yeddinci yazı - Marağa

Səkkizinci yazı - Təbrizdə Amerika bayrağına sarılaraq, oda atılan Azərbaycan sazı

Doqquzuncu yazı - Zəncan şəhəri: iki mədəniyyətin çarpışdığı yer

Onuncu yazı - Güney Azərbaycandakı görkəmli tarixi məkanlardan biri - ŞƏHƏRYERİ

On birinci yazı - Əhər: Azərbaycan mədəniyyətinin qorunduğu şəhər

On ikinci yazı - Urmiya gölü: Güney Azərbaycanın qanayan yarası

On üçüncü yazı - Urmiya gölü quruyarsa: Xəstəliklər artacaq, əkinçilik məhv olacaq, insanlar köçəcək

On dördüncü yazı - Urartunun yadigarı, Şah Abbasın dağıtdığı qədim Azərbaycan şəhəri

On beşinci yazı - Strabonun bəhs etdiyi sirli Azərbaycan şəhəri

On altıncı yazı - Xiyabaninin dağıdılmış, Səməd Behrənginin şəkli oğurlanmış məzarları

APA “Güney Azərbaycanı tanı” layihəsi çərçivəsində Məhəmməd Rəhmanifərin “Üskü - Azərbaycanın qədim sirlərini ürəyində gizləyən şəhər” məqaləsini təqdim edir.

Şərqi Azərbaycan əyalətinin Üskü (Üşkaya) şəhəri əyalətin mərkəzi sayılan Təbrizdən yalnız 40 kilometr aralıdadır. Qeyd etmək lazımdır ki, İranda ölkə inzibati ərazi bölgüsünə görə Güney Azərbaycan bölgəsi Qərbi Azərbaycan, Şərqi Azərbaycan, Ərdəbil, Zəncan, Əlburz, Qəzvin və Həmədan əyalətlərinə (ostanlarına) bölünür. Üskü şəhəri əslində Üskü rayonunun (şəhristan) mərkəzində yerləşir. Üskü bu rayonda yerləşən Səhənd və İlxıçı kimi başqa şəhərlər və Kəndivan kimi şöhrətli kəndlə əhatə olunub.

Üskü, Qərbi Azərbaycan əyalətinin mühüm əl işləri sənətkarlığı və turizm mərkəzlərindən biridir, İranda batik çap şəhəri kimi tanınır. Bu şəhər ipək parçaların, xüsusən kəlağayı istehsalının əhəmiyyətli mərkəzlərdən biridir. Deyilənə görə, XX əsrin ilk illərində bir qrup üskülü işləmək üçün Gəncədə kəlağayı istehsalını öyrənir, sonra geri qayıdaraq bu sənəti vətənlərində yaşatmağa başlayırlar. Buna görə də hazırda Üskü kəlağayıları olduqca məşhurdur və bir sıra ölkələrə ixrac olunur.

(Kəndivanda kəlağayı istehsalı və satışı ilə məşğul olan “Azərbaycan” adlı mağaza)

Bu şəhər şimaldan və şərqdən Təbriz, şimal-qərbdən Şəbüstər (Şəbistər), cənubdan Azərşəhr (Tufarqan-Duvarqan), cənub-şərqdən Həştrud (Sərəskənd) və Marağa şəhərləri, qərbdən isə Urmiya (Urmu) gölü ilə həmsərhəddir.

Üskü şəhəri Səhənd dağ silsiləsinin şimal-qərb yamacında yerləşir. Üskü iqlimi dağlıq hissələrdə soyuq, düzənliklərdə isə mülayimdir. Bu şəhərin mineral su bulaqlarından bəzi xəstəliklərin müalicəsində istifadə olunur. Üskü çayı öz mənbəyini Səhənd dağ silsiləsinin ən uca dağlarından sayılan Sultan dağının şimal yamacından götürür və Kəhnəmu kəndinin yaxınlığında Kəndivan çayına qovuşduqdan sonra Üskü şəhərinin yaxınlığından keçir və əkin torpaqlarını suvarır.

2017-ci ilin siyahıyaalınmasına əsasən, Üskü şəhərinin əhalisi 158 270 nəfərə bərabərdir. Şəhərin, eləcə də ətraf kəndlərin sakinlərinin böyük əksəriyyəti Azərbaycan türkləridir. Üskü müsəlmanlarının əksəriyyəti şiə olsa da, Azərbaycanımızın bir çox bölgələri kimi buralarda da sufilik yayğın ənənə sayılır. Özəlliklə İlxıçı şəhərində goran, yaxud əliyollahilərin sayı diqqət çəkir. Bunlar Türkiyədəki ələvilər kimi Hz. Əliyə daha fərqli baxışları və sevgiləri ilə seçilirlər. Bu kimi baxışları biz Azərbaycan Səfəvi dövlətinin qurucuları olan qızılbaşlarda da görürük. Demək qızılbaşlıq məfkurəsi, qarşılaşdığı bütün tarixi sıxıntılara baxmayaraq, ən azı mənəvi inanc baxımından hələ də Azərbaycanda və Şərqi Anadoluda yaşamaqdadır.

(Üskü şəhərinin Səfəvilər dövründə tikilmiş tarixi məscidi)

Qədim tarix

Keçmişdə Urmiya gölünün şərqində, Səhənd dağının yamacında “Uşkaya” (Üçkaya-Üçqaya) adlı bir şəhər olub. Belə güman edilir ki, indiki Üskü onun yerindədir. Bu arada Üçkaya-Üçqaya adı da yetərincə diqqət çəkicidir. Çünki Səhənd dağının Üç uca zirvəsi var. Beləliklə, bir çox toponimlə birlikdə bu ad da türk dilinin eramızdan əvvəl bölgədə var olduğuna bir göstərici sayıla bilər.

Uşkaya adı I Argişti və II Sarqonun (Assur şahı) yazısında qeyd olunur. II Sarqon eramızdan əvvəl I əsrə aid olan kitabəsində assur döyüşçülərinin Urartu torpağına hücumundan, Uşkaya və onun ətrafındakı yaşayış məntəqələrinin yandırılmasından bəhs edir. Ancaq Azərbaycanın bir çox şəhəri kimi, bu şəhər də dağıdıldıqdan sonra da ayaq üstə durmağı bacarıb. Həmdullah Qəzvini (1281-1339) “Nüzhət əl-qulub” adlı əsərində bu şəhəri Azərbaycanın abad və məhsuldar şəhərlərindən biri olaraq qeyd edir. “Aləmara-ye Naderi” kitabının yazarı da eyni fikri irəli sürər.

Mədəniyyət

Yuxarıda qeyd etdiyimiz kimi, Üskü şəhəri və onun ətrafındakı balaca şəhər və kəndlərin əhalisi Azərbaycan türkləridir. Bu o deməkdir ki, buralarda Azərbaycan dili, tarixi, musiqisi, rəqsi, ədəbiyyatı, dəbləri və ənənələri yaşamaqdadır. Son yüz ildə İranda farslar hökuməti ələ keçirib Azərbaycan mədəniyyətinə qarşı qadağalar qoysalar da, Güney Azərbaycan türkləri öz mədəniyyətlərini qorumaqda qərarlıdırlar. Yüz il ağır təzyiqlərə və dözülməz basqılara baxmayaraq, hələ də Üskü şəhərində və ətrafında qalib dil Azərbaycan türkcəsidir. Hələ də analar körpə uşaqlarına Azərbaycan türkcəsində lay-lay deyirlər. Hələ də əzizlərinin yaslarında Azərbaycan türkcəsində oxşayıb ağlayırlar. Hələ də ilin son çərşənbə gecəsində, bayramda, çillə gecəsində və bu kimi adət-ənənələrdə Azərbaycan mədəniyyətini yaşadırlar.

Azərbaycançılıq və türkçülük məfkurəsinə dayanan milli oyanış hərəkatı bu şəhərdə də öz yerini qorumaqdadır. Beləcə də bu milli oyanış ruhu son illərdə xeyli yüksəlib və çoxlu gənclər Azərbaycanın digər şəhərlərindən olan həmyaşıdları kimi, hökumətin bütün maneə və sərtliklərinə baxmayaraq, öz azərbaycanlılıqlarını, mədəniyyətlərini, tarixlərini və dillərini qoruyub saxlamağa çalışırlar.

Azərbaycan türk mədəniyyəti bu şəhərdə hələ də yaşayır və günü-gündən daha da ciddi şəkildə qorunub saxlanılır.

Üskü o qədər də böyük şəhər deyil. Lakin lap qədim zamandan şəhərin əhalisi elm öyrənməyə əhəmiyyət vermişlər. Bu vəziyyət indi də davam edir.

Kəndivan kəndi

Kəndivan Üskü şəhərinin dünyaca məşhur olan tarixi kəndlərindən biridir. Bu kəndin yeddi min illik tarixi var. Bu tarixi kənd Təbriz şəhərindən təqribən 60 km, Üskü şəhərindən isə təxminən 18 km məsafədədir. Kəndivan coğrafi mövqeyinə görə 2200 metrdən artıq hündürlükdə və çay boyu sıldırım yamacda yerləşir. Kənd təsərrüfatına yararlı torpağın yoxluğu, keçmişdə əlverişli kommunikasiya yollarının olmaması, qış fəslinin hədsiz soyuq keçməsi səbəbindən burada əlverişsiz yaşayış şəraiti yaranıb. Lakin bölgənin şəraiti heyvandarlıq üçün o qədər də əlverişsiz deyil və sakinlərinin əksəriyyəti bu işlə məşğuldur.

Kəndivan dünyanın üç qaya kəndindən biridir. Bu məşhur kəndin adı Türkiyənin Kapadokyası, Amerikanın Dakotası ilə yanaşı çəkilir. Lakin Kəndivanı digər iki kənddən fərqləndirən, bütün çətinliklərə və məşəqqətlərə baxmayaraq, ata-baba kəndini tərk etməyən insanların dinamizmidir.

Qayalar üzərində inşa edilmiş ən yayğın tikinti materialı daşdır. Hündür qayaların qoynunda oyulmuş bu kəndin evləri piramida formasındadır. Bu piramidal təpələrin bəzilərinin hündürlüyü 60 metrdən çoxdur. Qaya memarlığı insanın təbiətlə mübarizəsində göstərdiyi rəşadətin nümunəsidir.

Azərbaycanda qaya memarlığı daha qədim tarixə malikdir. Eramızdan əvvəl 3-cü minillikdən 1-ci minilliyə qədər quzey və güney Azərbaycanın bir çox hissələrində yerləşmiş olan urartular qaya memarlığının ustaları olmuşlar. Kəndivan evləri haqqında bu günədək ciddi bir tarixi və arxeoloji tədqiqat aparılmayıb. Düşünürük ki, elmi araşdırmalar qeyri-elmi fərziyyələri əvəz etsə, bu evlərin yaşı təxmin ediləndən daha çox olacaq. Bəlkə də Urartu memarlığını nümayiş etdirən bu kənddə Urartu sivilizasiyasının izlərinə rast gəlmək mümkündür. Yuxarıda I Argişti və II Sarqonun (Assur şahı) yazılarında Üsküdən (Üşkaya - Üçqaya) söz edilməsindən və II Sarqonun Urartu torpağına hücumundan danışdıq. Bu o deməkdir ki, Kəndivan və Hiləvər kəndləri Urartu sərhədlərinin içində yerləşirdilər. Ancaq, dediyimiz kimi, bu evlərin tikilməsi və daha doğrusu qayalarda yonulması haqqında elmi araşdırmalar aparılmadan və bölgədə arxeoloji tədqiqat həyata keçirilmədən bu mövzuda qəti şəkildə söz söyləmək mümkün deyil.

Qayalara oyulmuş bu piramida şəkilli evlərin çoxunun birdən çox mərtəbəsi var, bəzilərində isə daxili mərtəbələrin sayı 4-ə çatır! Qayaların divarlarının qalınlığına görə, aşağı mərtəbələrdə pəncərə açmaq çox çətindir, bunun üçün də bu evlərin pəncərələri əsasən, yuxarı mərtəbələrdə yerləşir. Pəncərələr ağacdan hazırlanır, çox vaxt dama taxtası formasında olur və onlara kiçik şüşə parçaları vurulur.

Bura hər gün dünyanın müxtəlif yerlərindən turistlər gəlir. Burada turistlərin rahat şəkildə dolaşa bilmələri üçün qəhvəxanalar, restoranlar, supermarketlər, yerli məhsullar və əl işləri satan mağazalar, açıq bazar fəaliyyət göstərir. Bunlardan başqa, kənddə gecələmək üçün kirayə evlər var, üstəlik qaya-hotel də fəaliyyət göstərir.

Hiləvər kəndi

Tarixi Hiləvər kəndi Kəndivandan 2 km aralıda yerləşsə də, burada yaşayış yoxdur. Hiləvər kəndinin memarlığı burada heyvanlarla insanların bir dam altında yaşadıqlarını göstərir. Bu kəndlə Kəndivan arasındakı oxşarlıqlara əsaslanaraq tədqiqatçılar düşünürlər ki, Hiləvər kəndinin sakinləri buranı tərk edərək Kəndivanda məskunlaşıblar. Əlbəttə, yuxarıda vurğuladığımız kimi, bu fərziyyələri isbatlamaq üçün gərəkli elmi və arxeoloji araşdırmaların aparılması vacibdir. Kəndivandan fərqli olaraq, bu kənddə evlər uca qayaların içində yox, yerin altında qazılıb və yalnız giriş yerləri eşikdən görünə bilir.

(Yeraltı evlərin girişi)

Yer altında qazılan bu evlər zahirən çox yaxşı kamuflyaj olunub və onların ev olduğunu yalnız yaxınlaşdıqda müəyyən etmək olur. Bəlkə də buna görə bu kəndə Hiləvər adı verilib. Bu yeraltı evlərdə mal-qaranın saxlandığı yer, çörək bişirmək üçün təndir olub. Bundan başqa, evlərin divarlarında şam və ya yağ çıraqlarının qoyulması üçün xüsusi oyuqlar olub. Bu evlərin digər bir özəllikləri də bir-birləri ilə xüsusi dəhliz vasitəsilə birləşmələridir, sakinlər torpağın altında, dışarı çıxmadan, bir-birləri ilə əlaqə saxlayırmışlar.

Dediyimiz kimi, Hiləvər kəndi hazırda tərk edilib, orada yaşayış yoxdur. Lakin buna baxmayaraq, Kəndivana gələn turistlər mütləq Hiləvara da baş çəkirlər.

(Yeraltı evlərin içi)

Şahi Ada (Cəzire-yi İslami)

Urmiya (Urmu) gölünün içində yerləşən bu ada yaxın zamanlaradək Üskü şəhərinin İlxıçı qəsəbəsinin ən gözəl təbii və coğrafi məkanlarından biri idi. Ancaq, Urmu gölünün qəsdən qurudulması ilə artıq ada da digər quru sahə ilə birləşib. Bu adada Saray, Ağ Günbəd, Qıbçaq, Gəmiçi, Burçalı, Teymurlu və Vərəli adlı 7 kənd yerləşməkdədir. Təəssüf ki, Urmu gölünün qurudulması nəticəsində yaşayış şərtləri ağırlaşan sakinlərin çoxu bu kəndləri tərk edərək başqa yerlərə köçüblər. Beləliklə, bir zamanlar Güney Azərbaycanın ən gözəl yerlərindən sayılan ada artıq keçmişdəki canlılığını itirməkdədir.

Güney Azərbaycan

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR