Şah Təhmasibin Osmanlılardan çəkinərək paytaxt etdiyi şəhər - GÜNEY AZƏRBAYCANI TANIYAQ

Şah Təhmasibin Osmanlılardan çəkinərək paytaxt etdiyi şəhər - GÜNEY AZƏRBAYCANI TANIYAQ
# 05 iyul 2024 11:05 (UTC +04:00)

APA “Güney Azərbaycanı tanı” layihəsi çərçivəsində Məhəmməd Rəhmanifərin Qəzvin şəhərindən bəhs edən yazısını təqdim edir.

Layihənin əvvəlki yazısını buradan oxuya bilərsiniz.

Qəzvin əyalətinin mərkəzi və ən böyük, eyni zamanda, ən sıx məskunlaşan şəhəri Qəzvindir. Qeyd etmək lazımdır ki, İranda ölkə inzibati ərazi bölgüsünə görə Güney Azərbaycan bölgəsi Qərbi Azərbaycan, Şərqi Azərbaycan, Ərdəbil, Zəncan, Əlburz, Qəzvin və Həmədan əyalətlərinə (ostanlarına) bölünür. Astara, Bicar, Sonqur kimi bəzi Güney Azərbaycan şəhərləri isə başqa əyalətlərin tərkib hissəsinə daxil edilmişdir. Qəzvin şəhəri və əyaləti 1994-cü ilə qədər Zəncan əyalətinin tərkibində olub, lakin İran mərkəzi hökumətinin Güney Azərbaycanın parçalanması ilə bağlı 100 illik siyasətinə uyğun olaraq, bu əyalət 1994-cü ildə Zəncan əyalətindən ayrılaraq Tehran əyalətinə birləşdirildi. Lakin geniş xalq etirazlarının nəticəsində, 3 il sonra Tehran əyalətindən ayrılıb, mərkəzi Qəzvin şəhəri olmaqla Qəzvin əyaləti adında yeni bir əyalət yarandı. Deməli, qeyd etdiyimiz kimi 100 illik siyasət ərzində ilk başda Zəncan, sonra Qəzvin əyaləti Zəncan əyalətindən ayrılaraq əvəzində Azərbaycan adını üstlərində daşımayan yeni əyalətlər yaranmışdır.

2017-ci ilin siyahıyaalınmasına əsasən, Qəzvin şəhərinin əhalisi 600 min nəfərə bərabərdir. Tarixən Azərbaycanın bir parçası olan və əhalisinin böyük əksəriyyətini Azərbaycan türkləri təşkil verən Qəzvin əhalisinin tərkibində böyük dəyişikliklər yaşanıb. Bu gün bu şəhərdə farslar, tatlar, giləklər, kürdlər, lorlar da gözəgəlimli nüfuza malikdirlər. Bu durumun ortaya çıxmasında assimilyasiya və farslaşdırma siyasətindən əlavə köç məsələsi də təsir edib. Qəzvinin Tehrana nisbətən yaxında yerləşməsi, Tehranın darvazası sayılması və ağır sənaye mərkəzi olması başqa millətlərə mənsub olan əhalinin bura köçməsinə səbəb olub.

Qəzvin adının mənşəyi haqda

Qəzvin şəhərinin əsasının nə zaman qoyulması bizə məlum deyil. Fars tarixçiləri Azərbaycanın başqa şəhərləri kimi Qəzvinin də əsasının qoyulmasını pers şahlarının adına bağlamaq istəyirlər. Lakin bu haqda İslamdan sonra nağıl tərzində yazılmış olan bəzi qaynaqlardan başqa tutarlı bir tarixi mənbə yoxdur. Əslində farslar kimi türklərin də Qəzvin haqqında rəvayətləri var. Məsələn, Mahmud Kaşğari nəfis “Divanü Lüğat-it-Türk” əsərində bu şəhərin binasını türklərin əfsanəvi sərkərdəsi Əfrasiyab (Alp Ər Tunqa) və onun qızı Qaz xanıma aid bilib, şəhərin adının da “Qaz oyunu” ifadəsindən alınmasını iddia etmişdir. Təbii ki, fars qaynaqlarında yazılmış bəzi nağıllar kimi, Mahmud Kaşğarinın iddiasını da təsdiq edəcək heç bir etibarlı tarixi dəlil, yaxud fakt yoxdur. Fikrimizcə, Qəzvin şəhərinin adının tarixi mənşəyinin araşdırılmasını qədim Kaspi elinin adından ayırmaq olmaz. Kaspilər miladdan əvvəlki əsrlərdə uzun zaman Azərbaycanda yaşamışlar və onların adını Azərbaycanın bir çox yer adlarında görmək mümkündür. Hətta Xəzər gölünə İslami qaynaqların bəzilərində Qəzvin gölü deyilməsi və Qərb qaynaqlarının bəzilərində Kaspin (caspean) gölü yazılması da Qəzvin və Kaspi sözünün əlaqəsini göstərməkdədir.

Qəzvinin qədim zamanlardan müasir dövrə qədər tarixinə qısa baxış

Midiya və parfiyalıların qalıqları bu şəhərin eramızdan əvvəl abad və mühüm bölgə olduğunu göstərsə də, görünür, Sasanilər dövründə (miladi 224-651) bu şəhər də Azərbaycanın bir çox şəhərləri kimi öz əhəmiyyətini və şöhrətini itirmişdir. Qəzvin demək olar ki, Azərbaycanın digər yerləri ilə eyni vaxtda hicri 24-cü ildə müsəlman ərəblər tərəfindən zəbt edilib və Xəzər dənizinin güneyindəki əlçatmaz ərazilərə İslam qüvvələrinin nüfuz etmə nöqtələrindən biri olduğu üçün ərəb hökmdarlarının diqqət mərkəzində yer aldı. İslami qaynaqlarda bu şəhəri Bab-əl-Cənnət (cənnətin qapısı) və Bəldət-əl-Muvəhhedin (Tək Allaha inananların şəhəri) adlandırmanın səbəblərindən bir də elə bu şəhərin hərbi cəhətdən əhəmiyyətinə görə idi.

Nasir Xosro hicri 438-ci ildə səyahətnaməsində Qəzvin şəhərini belə təsvir etmişdir: “Onun çoxlu bağları var idi, divarsız, tikansız. Bağlara girməyə isə heç bir maneə yox idi. Qəzvini yaxşı şəhər kimi gördüm. Şəhər çox möhkəm divarlarla əhatə olunmuşdu. Yaxşı bazarı var idi”. Unudulmamalıdır ki, Qəzvin İpək yolu marşrutu üzərində yerləşirdi, bu da şəhərdə ticarətin çiçəklənməsinə səbəb olmuşdur.

Hicri V əsrin sonundan ismaili qalalarının Hulaku Xan tərəfindən dağıdılmasına qədər Qəzvin diyarı Həsən Sabbah və xələfləri də daxil olmaqla, İsmaili hərəkatı ilə bağlı hadisələrin təsirinə məruz qalmışdır.

Lakin bu şəhər əsl şöhrətini və inkişafını Səfəvi imperiyasına borcludur. Şah İsmayılın ölümündən sonra Səfəvi şahı Təhmasib Təbrizin Osmanlı ərazisinə yaxın olması səbəbindən paytaxtı Qəzvinə daşıdı. Səfəvi paytaxtının daşınması nəticəsində şəhər hər baxımdan xeyli inkişaf etdi. Səfəvilərin burada tikdikləri binaların bəziləri hələ də qalır və şəhərin əzəmətli keçmişini xatırladır. Şah Abbas dövründə isə paytaxtın Qəzvindən İsfahana köçürülməsi buranın, eləcə də Azərbaycanın siyasi, iqtisadi və mədəni əhəmiyyətini xeyli dərəcədə itirməsinə səbəb oldu. Lakin buna baxmayaraq, Ərdəbil kimi Qəzvin də Səfəvi imperiyasının sonuna qədər Səfəvi padşahlarının diqqət mərkəzində idi.

Qəzvin həm Nadir şah Əfşar, həm də Qacarlar dövründə siyasi və iqtisadi əhəmiyyətini qoruyub saxlamışdır. Bu dövrə aid çoxsaylı tarixi abidələrin olması və çoxsaylı tarixi sənədlərdə Qəzvinin adının çəkilməsi bu məsələni təsdiq edir.

Tarixi və görməli yerləri

Qəzvinin İpək yolu üzərində yerləşməsi, ilk İslam əsrlərində bu şəhərin strateji əhəmiyyəti, Səfəvilərin paytaxtı seçilməsi və sonrakı dövrlərdə siyasi-iqtisadi əhəmiyyəti bu şəhərin bir çox sayda tarixi abidələrə malik olmasına səbəb olmuşdur. Elə ki, bu kiçik məqalədə onları tanıtmaq mümkün deyil və yalnız bir neçəsini təqdim etməklə kifayətlənmək məcburiyyətindəyik.

Qəzvin Səfəvi bağı kolleksiyası

Sahəsi 6 hektardan çox olan bu kompleksdə Səfəvi, Əfşarilər, Zəndiyə, Qacarlar ​​və Pəhləvi dövrlərinə aid əsərlər və tikililər toplusu yerləşməkdədir. Əslində, bu möhtəşəm tarixi kompleksin təməli Səfəvilər dövründə Şah İsmayılın oğlu Şah Təhmasib tərəfindən qoyulmuşdur. Həmin dövrdə Şah Təhmasibin göstərişi ilə ölkənin görkəmli memarları bir araya toplaşaraq bu kompleksin və onun içindəki bağın tikintisi və dizaynı işinə başlamış, Qacarlar və Pəhləvilər dövrünə qədər yeni tikintilərin binası davam etmişdir.

Bu kolleksiya Ali Qapı binasından başlayır və Çehel Sutun (qırx dirək) malikanəsinin ərazisinə qədər davam edir. Bu günlər İran dövlətinin təbliğatı nəticəsində Ali Qapı sözünü eşidənlər - istər İran vətəndaşı, istərsə də xarici turistlər olsun – dərhal İsfahan şəhərini və Səfəvilərin orada tikmiş olduqları Ali Qapı abidəsini düşünürlər. Halbuki Səfəvilər İsfahandan daha əvvəl Ərdəbildə, Təbrizdə və Qəzvində Ali Qapı adında binalar tikmişdilər. Bu gün Ərdəbil və Qəzvin Ali Qapıları yarımçıq olsa da, hələ ayaqda durmuşlar. Amma nə yazıq ki, Təbriz Ali Qapı binası türk və Azərbaycan düşməni olan Pəhləvilər dövründə tamamən dağıdılıb məhv edildi.

Bu bina əslində Qəzvindəki Səfəvi qalasının giriş qapısı idi.

Çehel Sutun (qırx dirək)

Eyni kompleksdə yerləşən möhtəşəm əsərlərdən biri də Çehel Sutun (qırx dirək) binasıdır. Ali Qapı abidəsi kimi Çehel Sutun (qırx dirək) sözü də bu gün yalnız Səfəvilərin İsfahanda eyni adı daşıyan binasını xatırladır. Halbuki Səfəvilər, İsfahandan qabaq Qəzvində bu adda bir bina tikmişlər.

Əminliklə demək olar ki, bu tikili Şah Təhmasib dövründən indiyədək qalmış, tarix, memarlıq və mədəniyyət baxımından böyük əhəmiyyətə malik nadir saraylardan biridir. Bu sarayın içərisində 2 ayrı mərtəbə var, hər birində incə rəsmlər və xəttatlıq işləri görünür. Amma bu sarayın füsunkarlığını ikiqat artıran Azərbaycan memarlığının simvollarından biri kimi tanınan bu sarayda rəngli və çox cəlbedici şüşədən istifadə olunmasıdır.

Qəzvin tarixi bazarı

Bu bazarın bir neçə yüz illik yaşı, nəhəng ölçüsü, ənənəvi olduğu qədər sehrli atmosferi onu Qəzvinin ən yaxşı görməli yerləri siyahısında daimi bir yerə çevirmişdir. Sahəsi 14 hektara bərabər olan və hər biri bu şəhərin enişli-yoxuşlu tarixindən fərqli hekayələr nəql edən yüzlərlə hücrə və müxtəlif qədim tikililəri özündə birləşdirən qədim və min illik bir yerdir. Bu görkəmli bazar Azərbaycanımızın Xoy, Urmu, Təbriz, Zəncan kimi şəhərlərində görünən qədimi və böyük üstü örtülü bazarları xatırladır və bunların hamısı bir yerdə Azərbaycanımızın qədim zamanlar nə qədər inkişaf etmiş bir bölgə olduğunu bizə xatırlatmaqdadır.

Saad əl-Sultaneh Karvansarası

Genişliyi, heyrətamiz mənzərəsi, müstəsna və heyrətamiz memarlığı ilə Qəzvin şəhərinə xüsusi gözəllik bəxş edən Saad əl-Sultane karvansarası üç hektarlıq böyük bir ərazidə Qacar ​​dövrünün siyasi xadimlərindən olan Saad əl-Sultaneh tərəfindən inşa edilmişdir.

Qəzvində Azərbaycanlı türk kimliyi

Yuxarıdakı sətirlərdə də gördüyümüz kimi Qəzvin qədim zamanlardan Azərbaycanın şəhərlərindən biridir və hətta Səfəvilər dövründə də bir müddət həmin imperiyanın paytaxtı olmuşdur. Ancaq həqiqəti söyləmək istəyiriksə, deməliyik ki, son yüz ildə bu şəhərin türk-Azərbaycan kimliyi sönməkdədir. Əvvəlki yazılarda da qeyd olunduğu kimi, yüz ildir ki, İranın mərkəzi hökuməti məqsədyönlü və sistemli şəkildə assimilyasiya və farslaşdırma siyasətləri həyata keçirərək Güney Azərbaycan bölgəsində Azərbaycan-türk kimliyini silməyə çalışır. İran hökumətinin bu siyasəti Güney Azərbaycanın bir çox şəhərlərində iflasa uğrasa da, coğrafi baxımdan Tehrana daha yaxın olan şəhərlərdə bu cür siyasət daha çox təsir edib. Təbii ki, Qəzvin şəhərində aparılan farslaşdırma siyasətinin effektivliyinə coğrafi yerin təsiri təkcə bu şəhərin Tehrana yaxınlığı ilə məhdudlaşmır. Üstəlik son illərdə şəhərdə sənaye mərkəzlərinin artması nəticəsində bura köç də əlamətdar dərəcədə çoxalıb, bu isə yuxarıda vurğuladığımız kimi, əhalinin demoqrafik tərkibinə təsirsiz ötüşmür. Lakin son onilliklərdə Güney Azərbaycanın əksər şəhərlərində intensivləşən milli oyanış prosesi Qəzvin türklərinə də öz təsirini göstərmiş və son illərdə ilkin türk-Azərbaycan kimliyinə qayıdış əlamətləri görülməkdədir.

Unutmayaq ki, Qəzvin hələ də Azərbaycan türklərinin şəhəridir və bu dil, bu mədəniyyət və bu kimlik hələ də bu şəhərdə yaşamaqdadır.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR