Bank Of Baku

“Azadlıq” qəzetinin müxbirini bıçaqlayanın məhkəmə istintaqı başlayıb

“Azadlıq” qəzetinin müxbirini bıçaqlayanın məhkəmə istintaqı başlayıb
# 03 iyul 2008 13:54 (UTC +04:00)
Bakı. Hacı Zeynalov - APA. Bu gün Nəsimi rayon Məhkəməsində hakim Şahin Abdullayevin sədrliyi ilə “Azadlıq” qəzetinin müxbiri Aqil Xəlilə xəsarət yetirməkdə təqsirləndirilən Sergey Strekalinin cinayət işi üzrə məhkəmə prosesi başlayıb. APA-nın məlumatına görə, prosesdə A. Xəlilin vəkili Elçin Sadıqov məhkəmə tərkibinə etiraz edib. O, həmçinin cinayət işinə xitam verilməsi və bu ilin aprelin 4-də Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər Üzrə İstintaq İdarəsində A. Xəlilin dindirilmə və üzləşdirilməsi ilə protokolların sübutlar siyahısından çıxarılması ilə bağlı vəsatət qaldırıb. Məhkəmə vəsatətlərin rədd edilməsi ilə bağlı qərar çıxarıb. E. Sadıqov daha sonra A. Xəlilin bu ilin fevralın 22-də döyülməsi ilə bağlı Dağbəyi Allahverdiyev, Akif Covdarov, Ələddin Hümbətovun, həmin hadisənin şahidi olmuş üç məktəblinin dindirilməsi barədə vəsatət qaldırıb. Hakim həmin hadisələrin artıq istintaq araşdırmasının aparıldığını və bu məhkəmədə A. Xəlilin bu il martın 13-də bıçaqlanması faktının araşdırıldığını əsas gətirərək, vəsatəti rədd edib.
Daha sonra hazırlıq iclası yekunlaşıb və hakim məhkəmə istintaqının başlandığını elan edib. Bundan sonra prokuror Eldar Həmzəyev ittiham aktını oxuyub. Dövlət ittihamçısının çıxışından sonra ifadə verən S. Strekalin özünü qismən təqsirli bilib. A. Xəlili bıçaqlaması ilə bağlı ittihamı qəbul edən təqsirləndirilən narkotik vasitələrin saxlanması və daşınması ilə bağlı ittihamı rədd edib: “Mən Aqil Xəlillə tanış olandan sonra onun jurnalist olduğunu bildim. O mənə qəzetdə işlədiyini və şou-biznesdən yazdığını dedi. Sonradan isə bizim şəxsi münasibətlərimiz yarandı və daimi xarakter aldı. Bir müddət sonra isə ayrıldıq və bir daha görüşdük. Bir ildən sonra isə Ayna Sultanova küçəsində siqaret almaq üçün dayanmışdım. Birdən Aqili keçərkən gördüm. Orda aramızda mübahisə yarandı və onu bıçaqladım”. Proses davam edir.
Qeyd edək ki, S. Strekalin Cinayət Məcəlləsinin 127.1-ci (qəsdən sağlamlığa az ağır zərər vurma) və 234.1-ci (satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri əldə etmə və saxlama) maddələri ittiham olunur.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR