Bank Of Baku

Daxili İşlər Nazirliyi 70 kiloqram həşişlə saxlanılan Biləsuvar sakini ilə bağlı məlumatlara aydınlıq gətirib

Daxili İşlər Nazirliyi 70 kiloqram həşişlə saxlanılan Biləsuvar sakini ilə bağlı məlumatlara aydınlıq gətirib
# 10 iyul 2008 14:28 (UTC +04:00)
Bakı. Məhbubə Qasımbəyli-APA. Daxili İşlər Nazirliyinin Mətbuat Xidməti qaçaqmalçılıq yolu ilə respublika ərazisinə keçirilən 70 kiloqram həşişlə Biləsuvar rayon Polis Şöbəsi əməkdaşları tərəfindən saxlanılan rayon sakini Afət Şirinovun vəkilinin mətbuat konfransında söylədiklərinə aydınlıq gətirib. Mətbuat Xidmətinin əməkdaşı Ehsan Zahidov APA-ya bildirib ki, təqsirləndirilən şəxsin vəkili Məmmədvəli Cəfərov dünən keçirdiyi mətbuat konfransında mətbuat nümayəndələrini və ictimaiyyəti aldadaraq cinayətkarlıqla mübarizə aparan polisin hərəkətlərini özbaşınalıq kimi dəyərləndirib: “Əslində isə Biləsuvar rayon Polis Şöbəsi əməkdaşları narkotik maddələrin qanunsuz dövriyyəsi ilə mübarizədə böyük uğur qazanıblar”. E. Zahidov deyib ki, Biləsuvar rayonunun Aşağı Cürəli kənd sakinləri Afət Şirinov və Əli Məmmədovdan qaçaqmalçılıq yolu ilə ölkəmizə gətirilən 70 kiloqram narkotik vasitə olan həşiş götürülüb və hazırda rayon Polis Şöbəsinin istintaq bölməsində Cinayət Məcəlləsinin 234.4.2 və 234.4.3 maddələri üzrə cinayət işi başlanıb, istintaq aparılır: “Vəkilin dediyi kimi, Afət Şirinov Polis Akademiyasını deyil, iki illik orta milis məktəbini bitirib və bir müddət Astara və Biləsuvar rayonlarının mühafizə bölmələrində çalışıb. 2004-cü ildə isə attestasiya qaydasında daxili işlər orqanlarından kənarlaşdırılıb”. E. Zahidovun sözlərinə görə, ilkin istintaq hərəkətləri zamanı müəyyən olunub ki, A. Şirinovun əkiz qardaşı Rusiya Federasiyasının Udmurtiya Respublikasında yaşayır və narkotik maddələrin alveri ilə məşğul olduğuna görə, bir neçə dəfə Rusiya milisi tərəfindən saxlanılıb. O da məlum olub ki, Rusiya Federasiyasının Udmurtiya Respublikası Daxili İşlər Nazirliyi tərəfindən A. Şirinov barəsində 8 may 2006-cı ildə həbs-qətimkan tədbiri seçilməklə Rusiya Cinayət Məcəlləsinin 228-ci maddəsinin 2-ci hissəsi ilə həbsli axtarış elan edilib. Onun Rusiyada yaşayan qardaşını narkotik maddələrlə təmin etməsi barədə də əməliyyat məlumatları mövcuddur. A. Şirinovun narkotik maddəni tapması və bu barədə polisə məlumat verməsi barədə qeyd edilənlərə gəlincə, E. Zahidov bunu təcrübəli narkotik alverçisinin uğursuz cəhdi adlandırıb: “Onlar polis tərəfindən izləndiklərini və artıq yaxalanmaq üzrə olduqlarını dəqiq bildikdən sonra tez polis şöbəsinə zəng ediblər ki, bəlkə izi azdıra bilərlər. Lakin bu “nömrə” keçməyib”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR