Bank Of Baku

Göygöl rayonundan olan sahibkar təzyiqlərə məruz qalması ilə bağlı ölkə rəhbərliyinə müraciət edib

Göygöl rayonundan olan sahibkar təzyiqlərə məruz qalması ilə bağlı ölkə rəhbərliyinə müraciət edib
# 20 oktyabr 2008 12:49 (UTC +04:00)
Bakı. Elnur Məmmədli – APA. Göygöl rayonunda fəaliyyət göstərən “Gold Pen” Məhdud Məsuliyyəti Cəmiyyətin sədri, II qrup əlil Yusif Xancanov rayon rəhbərliyinin ona qarşı təzyiqlər göstərməsi, polis tərəfindən döyülməsi faktı ilə bağlı prezident İlham Əliyevə, baş prokuror Zakir Qaralova, daxili işlər naziri Ramil Usubova və APA İnformasiya Agentliyinə müraciət edib. APA-nın məlumatına görə, Y. Xancanov öz müraciətində Göygöl rayon icra hakimiyyətinin başçısının rayonda qeyri-qanuni əməlləri ilə bağlı ölkə mətbuatında bir ay əvvəl çıxış etdiyini deyib. Bu addımından sonra o icra hakimiyyətinin başçısı Arif Seyidovun onu hədələdiyini, həbs etdirəcəyini bildirdiyini vurğulayıb. Y. Xancanov bildirib ki, o prezident seçkilərində İlham Əliyevi dəstəkləyib və onun təbliğat kampaniyasında aktiv iştirak edib.

O, seçkilərdə iştirak etmək məqsədi ilə həyat yoldaşı üçün yeni şəxsiyyət vəsiqəsi almaq üçün oktyabrın 13-də rayon pasport xidməti idarəsinə gedərkən idarənin qarşısında, həyat yoldaşının gözləri qarşısında rayonda “reket” kimi tanınan Müşfiq Hacıyev və onun ətrafındakı adamlar tərəfindən döyüldüyünü bildirib: “Bu səhnəni rayonun polis rəisinin müavini və digər polislər də izlədilər. Müşfiq Hacıyev məni döydükdən sonra polislər hər ikimizi polis idarəsinə apardılar. Bunların hamısı rayon icra hakimiyyətinin sifarişi ilə edildi”. Y. Xancanov hazırda rayon Polis İdarəsində ona qarşı Cinayət Məcəlləsinin 132-ci maddəsi ilə cinayət işinin açıldığını qeyd edib. Sahibkar ölkə prezidenti, baş prokuror və daxili işlər nazirindən bu məsələ ilə bağlı tədbir görülməsini xahiş edib.

Göygöl rayon Prokurorluğunun müstəntiqi Xamməd Nuriyev isə APA-ya açıqlamasında bildirib ki, Y. Xancanova qarşı cinayət işinin başlanması ilə bağlı deyilənlər həqiqətəuyğun deyil. Onun sözlərinə görə, sadəcə adıçəkilən şəxslə bağlı dalaşma faktı ilə təhqiqat işi aparılır. O, hələlik təhqiqatın başa çatmadığını bildirib.

Göygöl rayon polis idarəsinin baş tədqiqatçısı Siyavuş Bağırov isə APA-ya açıqlamasında bildirib ki, hadisə ilə bağlı bütün şahidlər dindirilib, hər iki tərəf döyülmə faktı ilə bağlı Polis İdarəsinə müraciət edib. S. Bağırov hazırda ekspertizanın cavabını gözlədiklərini qeyd edib: “Hadisə vaxtı hər iki şəxs müəyyən dərəcədə xəsarət alıb. Hələlik heç bir cinayət işi qaldırılmayıb”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR