Bank Of Baku

Sabiq prokurorun oğlu: “İlhamə Quliyevanın oğlu günahsızdır”

Sabiq prokurorun oğlu: “İlhamə Quliyevanın oğlu günahsızdır”
# 14 noyabr 2008 14:32 (UTC +04:00)
Bakı. Hafiz Heydərov - APA. Bu gün Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmədə xalq artisti İlhamə Quliyevanın oğlu Orxan Nadirov, Bakı şəhərinin sabiq prokuroru Ədalət Mirsalamov və Əzizbəyov rayonunun sabiq prokuroru Rəşid Həsənovun övladları Mahir Mirsalamovla Yalçın Həsənov, Səbayel rayon Dövlət Yol Polisi İdarəsinin əməkdaşı Vüqar Əliyev və daha 10 nəfərin cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib. APA-nın məlumatına görə, hakim Azər Orucovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxs, mütəşəkkil dəstənin başçısı hesab olunan Yalçın Həsənov ifadə verib. O, Milli Təhlükəsizlik Nazirliyində verdiyi ifadəsini təkzib edib və aldanaraq yanlış ifadə verməyə sövq edildiyini bildirib. Uzun müddət “ekstazi” həbindən istifadə etdiyini etiraf edən Y. Həsənov heç vaxt onun alveri ilə məşğul olmadığını deyib: “Mən “ekstazi” həbindən tez-tez istifadə etmişəm, lakin onu satmamışam”. Y. Həsənov O. Nadirovun bu cinayət işində günahsız olduğunu məhkəmənin diqqətinə çatdırıb: “Mən Orxanı Türkiyəyə sənəd gətirməyə göndərmişdim. Onun heç “ekstazi”dən xəbəri olmayıb və həbin üzünü də görməyib. Lakin istintaq zamanı məni yanlış ifadəyə imza atmağa məcbur etdilər”. Y. Həsənov ofisində saxladığı “ekstazi” həblərinin yerini istintaq zamanı əməliyyatçılara dediyini və bu həblərin atası, sabiq prokuror R. Həsənov tərəfindən istintaqa təhvil verildiyini söyləyib.
Məhkəmə iclası Y. Həsənovun ifadəsinin alınması ilə başa çatıb. Növbəti proses noyabrın 19-na təyin edilib.
Xatırladaq ki, ittiham aktına əsasən Orxan Nadirov, Mahir Mirsalamlı, Yalçın Həsənov, Elşən Rüstəmov, Əli İsmayılov, Zubiyə Qulami, Vüqar Əliyev, Cavidan Əliyev, Ramin Həsənov, Kamilə Eyvazova, Elşən Budaqov, Həsən Həsənov, Mirəli Əliyev Cinayət Məcəlləsinin 206-cı (qaçaqmalçılıq), 234.1-ci (satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə və ya saxlama) və 234.4.1-ci (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən və ya mütəşəkkil dəstə tərəfindən qanunsuz olaraq narkotik vasitələri, psixotrop maddələri və ya onların prekursorlarını hazırlama, istehsal etmə, əldə etmə, saxlama, daşıma, göndərmə və ya satma) maddələri ilə ittiham olunurlar. Təqsirləndirilən şəxslər bu ilin mayında Milli Təhlükəsizlik Nazirliyinin keçirdiyi əməliyyat nəticəsində həbs ediliblər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR