Bank Of Baku

İçərişəhərdə qəzalı vəziyyətdə olan binanın sakinləri evakuasiya olunub

İçərişəhərdə qəzalı vəziyyətdə olan binanın sakinləri evakuasiya olunub
# 19 noyabr 2008 12:58 (UTC +04:00)
Bakı. Ramil Məmmədli - APA. İçərişəhərdə qəzalı vəziyyətdə olan binanın sakinləri evakuasiya olunub. “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin rəisi Kamran İmanov APA-ya açıqlamasında bildirib ki, İçərişəhər I Qəsr döngəsi, 45 ünvanında yerləşən bina qəzalı vəziyyətdə olduğundan, burada yaşayan 5 ailə müvəqqəti olaraq, “Arizona” mehmanxanasına yerləşdirilib: “Bina 2000-ci ildə baş verən zəlzələdən sonra qəzalı vəziyyətə düşüb, tikilidə əmələ gələn çatlar getdikcə genişlənib. Fövqəladə Hallar Nazirliyi və “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin əməkdaşlarından ibarət komissiya binaya baxış keçirdi. Baxış zamanı binada bərpa işlərinin aparılmasının zəruriliyi meydana çıxdı. Sakinlər yaşaya-yaşaya binada bərpa işlərinin aparılması mümkün olmadığından, onların köçürülməsinə qərar verildi”.

Bərpa işlərinə nə vaxt başlanacağı və sakinlərin nə vaxt evlərinə qayıdacaqlarının hələlik məlum olmadığını qeyd edən idarə rəisi Fövqəladə Hallar Nazirliyi ekspertlərinin qərarını gözlədiklərini vurğulayıb.

K. İmanov onu da bildirib ki, 2000-ci il zəlzələsindən sonra İçərişəhərdə xeyli bina zədələnib: “Bu binaların bir qismində təmir-bərpa işləri görülüb, bəzilərində isə obyektiv və subyektiv səbəblər üzündən təmir-bərpa işləri aparılmayıb”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR