Bank Of Baku

Daxili İşlər Nazirliyi və Respublika Prokurorluğu Lökbatan qəsəbəsindəki xəstəxanada baş verən partlayışla bağlı məlumat yayıb

Daxili İşlər Nazirliyi və Respublika Prokurorluğu Lökbatan qəsəbəsindəki xəstəxanada baş verən partlayışla bağlı məlumat yayıb
# 28 noyabr 2008 16:04 (UTC +04:00)
DİN-in mətbuat xidmətindən APA-ya verilən məlumata görə, bu fakt üzrə Cinayət Məcəlləsinin 29 (cinayət etməyə cəhd), 120.2.4 (ümumi təhlükəli üsulla adam öldürmə) və 228-ci (qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və gəzdirmə) maddələri ilə cinayət işi başlanılaraq istintaq-əməliyyat qrupu yaradılıb. Araşdırmalar zamanı məlum olub ki, həmin gün, gecə növbəsindən çıxan həkim-cərrah Rəvayət Mütəllimov otaqdakı şkafdan köynəyini götürərkən onun arasında parçaya bükülmüş ağır bir əşyanın olduğunu aşkar edib: “Rəvayət Mütəllimov əşyaya baxmaq istəyərkən qumbara detonatorunun açılmasını bildirən səs eşidib və dərhal onu kənara atıb. Əşyanın partlaması nəticəsində Rəvayət Mütəllimov və orada olan tibb bacısı Reyhan Pirquliyeva ağır bədən xəsarətləri alıblar. Zərbə dalğasından qapı və pəncərələr sınıb, otaqdakı inventarlar yararsız hala düşüb. Ekspert tədqiqatları həmin əşyanın əl qumbarası olduğunu göstərib”.
Qeyd olunub ki, istintaq-əməliyyat qrupu qumbaranın Müşfiqabad qəsəbəsində qeydiyyatda olan, keçmiş Xüsusi Təyinatlı Polis Dəstəsinin üzvü Sabir Hüseynov tərəfindən xəstəxananın cərrahiyyə şöbəsinin müdiri İlyas Həmidovun həyatına ümumi təhlükəli üsulla qəsd etmək məqsədi ilə gətirildiyini müəyyənləşdirib. Həyata keçirilən təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində Sabir Hüseynov təqsirləndirilən şəxs qismində saxlanılıb. Məlumata görə, S. Hüseynov 1995-ci il mart dövlət çevrilişi cəhdinin fəal iştirakçılarından olmaqla 1996-cı ildə Cinayət Məcəlləsinin 70-ci (banditizm) və 220-ci (qanunsuz silah saxlama) maddələri ilə cinayət məsuliyyətinə cəlb edilib: “Sonradan adı müxtəlif hüquq-müdafiə təşkilatlarının siyahılarında siyasi məhbus kimi vurğulanan Sabir Hüseynov 1999-cu ildə əfv olunub”.
Cinayət işinin istintaqı davam etdirilir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR