Bank Of Baku

“Ekstazi işi”ndə təqsirləndirilən Mahir Mirsalamovun səhhəti pisləşib

“Ekstazi işi”ndə təqsirləndirilən Mahir Mirsalamovun səhhəti pisləşib
# 17 dekabr 2008 10:40 (UTC +04:00)
Bakı. Ramil Məmmədli-APA. Bu gün Ağır Cinayətlərə Dair İşlər Üzrə Məhkəmədə xalq artisti İlhamə Quliyevanın oğlu Orxan Nadirov, Bakı şəhərinin sabiq prokuroru Ədalət Mirsalamov və Əzizbəyov rayonunun sabiq prokuroru Rəşid Həsənovun övladları Mahir Mirsalamov, Yalçın Həsənov və daha 11 nəfərin cinayət işi üzrə növbəti məhkəmə prosesi keçirilib. APA-nın məlumatına görə, məhkəmə prosesi başlanmazdan əvvəl təqsirləndirilən şəxslərdən biri Mahir Mirsalamovun səhhəti pisləşib. M. Mirsalamov qan təzyiqinin qalxdığını bildirib. Məhkəməyə təcili tibbi yardım çağrılıb. Bundan sonra M. Mirsalamov səhhəti ilə bağlı məhkəmə prosesinə qatılmayacağını deyib. Onun vəkili Nərminə Məmmədova jurnalistlərə açıqlamasında M. Mirsalamovun iki aydır ki, səhhətinin pis olması ilə bağlı Ədliyyə Nazirliyinin Müalicə Müəssisəsində müalicə olunduğunu deyib. Vəkil bildirib ki, müdafiə etdiyi şəxsin ibtidai istintaq dövründən səhhəti pisləşib, onda bayılma halları, ürək ağrıları yaranıb. N. Məmmədova məhkəmənin M. Mirsalamovun barəsində hökm çıxaran zaman bunu nəzərə alacağına ümid etdiyini qeyd edib.
Hakim Azər Orucov proses başlanan kimi bildirib ki, təqsirləndirilən şəxslərdən biri Yalçın Həsənovun vəkili Heydər Əsgərov məhkəməyə anasının vəfat etməsi səbəbindən prosesdə iştirak etməyəcəyini və məhkəmənin onun iştirakı olmadan davam etdirilməməsini xahiş edib. Bunu nəzərə alan məhkəmə prosesin dekabrın 24-nə qədər təxirə salınması barədə qərar çıxarıb.
Qeyd edək ki, ittiham aktına əsasən Orxan Nadirov, Mahir Mirsalamlı, Yalçın Həsənov, Elşən Rüstəmov, Əli İsmayılov, Zubiyə Qulami, Vüqar Əliyev, Cavidan Əliyev, Ramin Həsənov, Kamilə Eyvazova, Elşən Budaqov, Həsən Həsənov, Mirəli Əliyev Cinayət Məcəlləsinin 206-cı (qaçaqmalçılıq), 234.1-ci (satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə və ya saxlama) və 234.4.1-ci (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən və ya mütəşəkkil dəstə tərəfindən qanunsuz olaraq narkotik vasitələri, psixotrop maddələri və ya onların prekursorlarını hazırlama, istehsal etmə, əldə etmə, saxlama, daşıma, göndərmə və ya satma) maddələri ilə ittiham olunurlar. Təqsirləndirilən şəxslər bu ilin mayında Milli Təhlükəsizlik Nazirliyinin keçirdiyi əməliyyat nəticəsində həbs ediliblər. Onlardan narkotik vasitə olan “ekstazi” aşkarlanıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR