Bank Of Baku

Azərbaycan paytaxtında baş vermiş partlayış nəticəsində sakinlərə dəyən ziyanın hesablanmasına başlanılıb

Azərbaycan paytaxtında baş vermiş partlayış nəticəsində sakinlərə dəyən ziyanın hesablanmasına başlanılıb
# 17 dekabr 2008 14:45 (UTC +04:00)
Bakı. Hafiz Heydərov - APA. Bakının Nizami rayonunda yaşayış binasında baş vermiş partlayışla əlaqədar sakinlərə dəymiş ziyanın hesablanmasına başlanılıb. Bu barədə APA-ya Nizami rayon İcra Hakimiyyəti başçısının müavini, rayon Fövqəladə Hallar Komissiyasının sədri Əlrəhman Həsənov məlumat verib. Ə. Həsənovun sözlərinə görə, hazırda hadisə yerində Fövqəladə Hallar Nazirliyi, Bakı şəhər Prokurorluğu və rayon İcra Hakimiyyəti başçısının sərəncamı ilə yaradılmış xüsusi komissiyanın nümayəndələri araşdırma aparır. Baş vermiş hadisə ilə əlaqədar istintaq tədbirlərinin davam etdirildiyini vurğulayan Ə. Həsənov bu gündən binanın 1-ci və 2-ci blokunun sakinlərinə dəymiş ziyanın miqdarının və məbləğinin hesablanmasına başlandığını bildirib. “Tərəfimizdən aparılan yoxlamalar müvafiq qaydada Nazirlər Kabinetinə təqdim olunacaq. Yaşayış binasının sökülüb-sökülməməsi və ya əsaslı təmir olunması barədə qərarı isə Nazirlər Kabineti verəcək.”

Qeyd edək ki, dekabrın 13-də Nizami rayonu, Naxçıvanski, 34 ünvanında yerləşən beşmərtəbəli yaşayış binasında baş vermiş partlayış nəticəsində binanın iki bloku dağılıb, 2 nəfər ölüb, 6 nəfər isə ağır yaralanıb. İlkin versiyaya görə, partlayışa təmir işləri aparılan 27-ci mənzildə qaz sızması səbəb olub.

Faktla bağlı Bakı şəhər Prokurorluğunda Cinayət Məcəlləsinin 222.2-ci (tikinti, mədən və s. işləri aparılarkən təhlükəsizlik qaydalarının pozulması, ehtiyatsızlıqdan zərər çəkmiş şəxsin ölümünə ya digər ağır nəticələrə səbəb olma) maddəsi ilə cinayət işi başlanılıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR