Bank Of Baku

Ombudsman Elçin Əmiraslanovun təhlükəsizliyinin təmin olunması ilə bağlı Penitensiar Xidmətə müraciət edib

Ombudsman Elçin Əmiraslanovun təhlükəsizliyinin təmin olunması ilə bağlı Penitensiar Xidmətə müraciət edib
# 18 dekabr 2008 08:15 (UTC +04:00)
Bakı. Kəmalə Quliyeva - APA. Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkil Aparatının əməkdaşları Ombudsman Elmira Süleymanovanın tapşırığına əsasən, Ədliyyə Nazirliyinin Müalicə Müəssisəsində saxlanılan məhkum Elçin Əmiraslanov və digər məhkumlarla görüşüblər. Ombudsman Aparatının mətbuat xidmətindən APA-ya daxil olan məlumata görə, Müalicə Müəssisəsində saxlanma şəraitindən və məhkumlarla rəftardan şikayətlərin olmadığı bildirilsə də, ömürlük azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş Elçin Əmiraslanov cəza çəkdiyi Qobustan həbsxanada hüquqlarının pozulduğunu söyləyib.

O, həbsxana rəhbərliyinin qərəzli münasibətinə və oradakı saxlama şəraitinə etiraz olaraq, bir neçə dəfə uzunmüddətli aclıq aksiyası keçirdiyini bildirib, aclıq nəticəsində səhhətində yaranmış problemlərlə bağlı Müalicə Müəssisəsinə köçürüldüyünü, burada aclıq aksiyasını dayandırdığını, bir müddət müalicə olunaraq səhhəti bərpa edildikdən sonra həbsxanaya qaytarıldığını söyləyib.

Məhkum həbsxanada əvvəllər saxlanıldığı və öz hesabına təmir etdirdiyi kameraya yox, əvvəllər cərimə otağı kimi nəzərdə tutulmuş və hazırda saxlama kamerası kimi istifadə edilən, lakin standartlara uyğun olmayan kameraya yerləşdirildiyini, həbsxananın rəisi Kazım Abdullayev tərəfindən bunların qəsdən edildiyini bildirib. O, bir neçə dəfə əməkdaşları tərəfindən fiziki və mənəvi təzyiqlərə məruz qaldığını, döyüldüyünü deyib.

Məhkum bunlara etiraz olaraq, 28 noyabr 2008-ci il tarixdə aclıq aksiyasına başladığını və 8 dekabrda təkrarən Müalicə Müəssisəsinə köçürüldüyünü, hazırda müalicə aldığını, həbsxanaya yenidən qaytarılacağı təqdirdə həyatının təhlükə qarşısında olduğunu qeyd edib.

Ombudsman göstərilənləri nəzərə alaraq, E. Əmiraslanovun təhlükəsizliyinin təmin olunmasına və onun əvvəllər saxlanıldığı kameraya köçürülməsinə göstəriş verilməsi ilə bağlı Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinə müraciət edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR