Bank Of Baku

Kamran Əsədov: “Mən kafirlərə qarşı cihad etmək istəyirəm”

Kamran Əsədov: “Mən kafirlərə qarşı cihad etmək istəyirəm”
# 18 dekabr 2008 16:09 (UTC +04:00)
Bakı. Ramil Məmmədli – APA. Bu gün Ağır Cinayətlərə Dair İşlər üzrə Hərbi Məhkəmədə Azərbaycan Ordusunun keçmiş zabiti Kamran Əsədovun və digər 19 nəfərin cinayət işi üzrə məhkəmə prosesi keçirilib. APA-nın məlumatına görə, hakim İslam Neymanovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən keçmiş polis işçisi Şəhriyar Məhərrəmov, Ramin və Tərlan Kərimov sərbəst ifadə veriblər. Müttəhimlərin hər üçü özlərini təqsirli bilməyiblər. Ş. Məhərrəmov cinayətdən xəbərsiz olduğunu və Milli Təhlükəsizlik Nazirliyinin keçirdiyi əməliyyat zamanı öldürülən Ramil Əliyevi şəxsən tanımadığını deyib: “Yalnız müttəhimlər arasında əyləşən qardaşım Yaşarı tanıyıram. Əhli-sünnə deyiləm və namazımı da şiə kimi qılıram”.

Prosesdə təqsirləndirilən Ş. Məhərrəmovun vəkili Əlizadə Kazımov müdafiə etdiyi şəxsin günahsız olduğunu əsas gətirərək, həbs-qətimkan tədbirinin ləğv edilməsi barədə vəsatət qaldırıb. Məhkəmə fasilə elan edib. Fasilədə isə təqsirləndirilən Kamran Əsədov bəyanatla çıxış edib: “İki həftə cibimdə qumbara şəhərdə gəzmişəm. Haranısa partlatmaq istəsəydim, bunu edərdim. Belə fikrim olmayıb. Mən kafirlərə qarşı cihad etmək istəyirəm. Məqsədim Allahın əmri ilə cihad etməkdir. Kim möminlərə zülm edir, o kafirdir və Allah bunu yerdə qoymayacaq”.

Təqsirləndirilən Şirvani Babayevin anası şahid qismində ifadə verməkdən imtina edərək, iclas zalında əyləşmək istədiyini deyib. Onun bu tələbi qəbul olunmadığından zalda etiraz edib.
Məhkəmə həmçinin təqsirləndirilən Şəhriyar Məhərrəmovun barəsinə həbs-qətimkan tədbirinin dəyişdirilməsi ilə bağlı vəsatəti də rədd edib. Ş. Məhərrəmov isə vəkildən imtina edib. Məhkəmə təqsirləndirilən şəxsin bu istəyini həyata keçirib.
Sərbəst ifadə verən Ramin və Tərlan Kərimov qardaşları isə digər müttəhimlərdən bir neçəsini tanımadıqlarını deyiblər. Onların sözlərinə görə, bütün müsəlmanlar onların din qardaşlarıdır və Allahın buyurduğu kimi həmin şəxslərlə cihada getməyə hazırdırlar. Kərimov qardaşları K. Əsədovun başçılığı ilə silahlı cihad barədə heç bir məlumata malik olmadıqlarını da qeyd ediblər. Proses dekabrın 24-də davam etdiriləcək.

Xatırladaq ki, təqsirləndirilən şəxslər - Kamran Əsədov, Bəxtiyar Orucov, Fərid Cabbarov, Elşən Məmmədov, Kamran Babayev, Samir Mehbalıyev, Tərlan Kərimov, Edqar Əliyev, Ramil Kərimov, Şirvani Babayev, Samir Əliyev, Yalçın Məhərrəmov, Orxan Əlizadə, Hacıbala Hüseynov, Azər İbadov, Şəhriyar Mehrəliyev, Ramin Cəlilov, Rövşən Əbdüləliyev, İlkin İsmayılov və Vüqar Əliyev dini radikal qrupda birləşərək, hərbi mübarizəyə başlamağa cəhd etməkdə, Bakıdakı “LUKoyl” yanacaqdoldurma məntəqəsinə silahlı basqın etməkdə, ABŞ və Böyük Britaniyanın Azərbaycandakı səfirliklərinə qarşı terror aktı hazırlamaqda ittiham olunurlar.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR