Bank Of Baku

Hazırda məhkəməsi gedən radikal dini qrupun üzvü istintaqa ifadəsində Hacı Qamətin Azərbaycanda cihad etmək istədiyini bildirib

Hazırda məhkəməsi gedən radikal dini qrupun üzvü istintaqa ifadəsində Hacı Qamətin Azərbaycanda cihad etmək istədiyini bildirib
# 07 yanvar 2009 10:51 (UTC +04:00)
APA-nın məlumatına görə, hakim İslam Neymanovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxslərdən biri Hacıbala Hüseynov ifadə verib. O, hakimin suallarını cavablandırarkən “Əbu Bəkr” məscidinin Axundu Hacı Qamət Süleymanovun barəsində bəzi fikirlər səsləndirib. Onun sələfi təriqətinə mənsub olduğunu bildirən H. Hüseynov Hacı Qamətin Azərbaycanda cihad etmək istəməsi barədə istintaqa verdiyi ifadəni təkzib edib: “Onun Azərbaycanda cihad etməyə gücü çatmaz”.

Təqsirləndirilən şəxs Azərbaycanda dini qanunların düzgün həyata keçirilmədiyini bildirib. Tərəfdarı olduqları cihadı “müdafiə cihadı” adlandıran H. Hüseynov Çeçenistanda Rusiyaya qarşı elan edilən cihadı da dəstəklədiyini vurğulayıb: “Biz təriqətdən asılı olmayaraq, nəqşibəndilərin də mübarizəsinə dəstək veririk”.

Hakimin ona müraciətlə “Onda siz ermənilərin Qarabağda törətdiklərinə də haqq qazandırırsınız” fikirlərinə digər təqsirləndirilən şəxs İlkin İsmayılov münasibət bildirib. O, çeçenlərlə ermənilərin addımlarının müqayisə olunmasının yanlış olduğunu deyib.
İ. İsmayılov daha sonra Şeyx Şamillə bağlı danışıb və deyib ki, o Azərbaycanın müstəqilliyi üçün Rusiyaya qarşı illərlə mübarizə aparıb.

Daha sonra ifadəsini davam etdirən H. Hüseynov Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sabiq sədri Rafiq Əliyevin fəaliyyətindən danışıb, onun fəaliyyətindən razı olduqlarını deyib.

H. Hüseynov Maştağa qəsəbəsində yüzlərlə insan qarşısında dini təbliğat xarakterli çıxışlar etdiyini də nəzərə çatdırıb.

Bu zaman söz alan Kamran Əsədov Rafiq Əliyevi “kafir” adlandırıb, onun vaxtilə qoyduğu qayda-qanunlarla razılaşmadığını deyib.

Məhkəmə prosesi günün ikinci yarısında davam etdiriləcək.

Qeyd edək ki, təqsirləndirilən şəxslər - Kamran Əsədov, Bəxtiyar Orucov, Fərid Cabbarov, Elşən Məmmədov, Kamran Babayev, Samir Mehbalıyev, Tərlan Kərimov, Edqar Əliyev, Ramil Kərimov, Şirvani Babayev, Samir Əliyev, Yalçın Məhərrəmov, Orxan Əlizadə, Hacıbala Hüseynov, Azər İbadov, Şəhriyar Mehrəliyev, Ramin Cəlilov, Rövşən Əbdüləliyev, İlkin İsmayılov və Vüqar Əliyev dini radikal qrupda birləşərək, hərbi mübarizəyə başlamağa cəhd etməkdə, Bakıdakı “LUKoyl” yanacaqdoldurma məntəqəsinə silahlı basqın etməkdə, ABŞ və Böyük Britaniyanın Azərbaycandakı səfirliklərinə qarşı terror aktı hazırlamaqda ittiham olunurlar.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR