Bank Of Baku

Radikal dini qruplaşma yaratmaqda təqsirləndirilən zabit: “ABŞ, İsrail və İngiltərənin Azərbaycandakı səfirlərini məhv etməyi planlaşdırırdıq”

Radikal dini qruplaşma yaratmaqda təqsirləndirilən zabit: “ABŞ, İsrail və İngiltərənin Azərbaycandakı səfirlərini məhv etməyi planlaşdırırdıq”
# 07 yanvar 2009 14:31 (UTC +04:00)
APA-nın xəbərinə görə, hakim İslam Neymanovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxslərdən biri Elşən Məmmədov vəkilindən imtina etdiyini deyib. Digər təqsirləndirilən Ramin Cəlilov məhkəmədə ifadə verib. O, ifadəsində istefada olan zabit olduğunu, vaxtilə həbi hissə komandirinin siyasi məsələlər üzrə müavini, “Olimpiya dünyası” qəzetinin şöbə müdiri vəzifələrində, Milli Olimpiya Komitəsində çalışdığını deyib. R. Cəlilov özünü ittiham aktı üzrə təqsirkar bilmədiyini, hər hansı silahlı qruplaşma ilə əlaqəsinin olmadığını bildirib.

O, ittiham aktında digər təqsirləndirilən şəxslərlə tanışlığı barədə qeyri-dəqiq məqamların da yer aldığını diqqətə çatdırıb. R. Cəlilov digər təqsirləndirilən şəxslərlə 2007-ci ilin martından münasibətlərinin yarandığını qeyd edib. Təqsirləndirilən şəxs Azərbaycanda fəaliyyət göstərən səfirliklərə hücum planının olduğunu bildirsə də, “gəlin, ABŞ-ın bir təşəkkürü naminə, millətimizi bədbəxt etməyək” söyləyib.

Bu məqamda Kamran Əsədov “Bizi buraxın, gedib Fələstində yəhudilərə qarşı cihad edək. Əgər müsəlmanıqsa, bunu etməliyik, bu bizim borcumuzdur” qışqırıb.

Daha sonra prosesdə zərərçəkən qismində taksi sürücüsü Tofiq Məmmədov ifadə verib. O, Bakıda Kamran Əsədov tərəfindən silahla hədələnərək avtomobilinin əlindən alındığını deyib. Zərərçəkən bildirib ki, K. Əsədov o vaxt ona onları satmamağı, sonra maşınının geri qaytarılacağını deyib. T. Məmmədov K. Əsədovun ona “3 böyük adamı məhv etmək planımız var” söylədiyini də məhkəmənin nəzərinə çatdırıb.

Hakim Kamran Əsədovdan həmin şəxslərin kim olduğunu soruşub. K. Əsədov isə cavabında onlardan birinin ABŞ-ın Azərbaycandakı səfiri Ann Dersi, digərlərinin isə İsrail və İngiltərənin səfirləri olduğunu deyib.

Proses yanvarın 8-də davam etdiriləcək.

Qeyd edək ki, təqsirləndirilən şəxslər - Kamran Əsədov, Bəxtiyar Orucov, Fərid Cabbarov, Elşən Məmmədov, Kamran Babayev, Samir Mehbalıyev, Tərlan Kərimov, Edqar Əliyev, Ramil Kərimov, Şirvani Babayev, Samir Əliyev, Yalçın Məhərrəmov, Orxan Əlizadə, Hacıbala Hüseynov, Azər İbadov, Şəhriyar Mehrəliyev, Ramin Cəlilov, Rövşən Əbdüləliyev, İlkin İsmayılov və Vüqar Əliyev dini radikal qrupda birləşərək, hərbi mübarizəyə başlamağa cəhd etməkdə, Bakıdakı “LUKoyl” yanacaqdoldurma məntəqəsinə silahlı basqın etməkdə, ABŞ və Böyük Britaniyanın Azərbaycandakı səfirliklərinə qarşı terror aktı hazırlamaqda ittiham olunurlar.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR