Bank Of Baku

Kür çayının Azərbaycan Mingəçevir şəhərindən keçən hissəsində körpə balıqların kütləvi şəkildə ölməsi faktı aşkarlanıb

Kür çayının Azərbaycan Mingəçevir şəhərindən keçən hissəsində körpə balıqların kütləvi şəkildə ölməsi faktı aşkarlanıb
# 10 yanvar 2009 09:55 (UTC +04:00)
APA-nın yerli bürosunun xəbərinə görə, ilkin olaraq balıqların zəhərləndiyi güman olunsa da, yalnız kiçik balıqların ölməsi faktı şübhə doğurub. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin və Mingəçevir şəhər Baytarlıq İdarəsinin mütəxəssisləri dərhal ərazidə monitorinq keçiriblər. Çaydan çıxarılan 40-a yaxın zədəli və ya ölmüş balıq AMEA-nın Zoologiya İnstitutunun Mingəçevir Elmi-Təcrübə Laboratoriyasında bioloji analizdən keçirilib. Laboratoriyanın rəhbəri Vidadi Yusifov müayinənin nəticələrini açıqlayaraq bildirib ki, həmin balıqlar zəhərlənməyib və ya ovçular tərəfindən qanunsuz olaraq suya elektrik cərəyanının buraxılması nəticəsində məhv edilməyib: “Balıqların əzilməsi, başlarının kəsilməsi və pulcuqlarının tökülməsi faktı onu göstərir ki, balıqlar Mingəçevir Su Elektrik Stansiyasının suötürücü qapılarından sürətlə keçən suda dəmir-beton divarlara çırpılaraq ölüblər. Kür çayının həmin hissəsində analoji hal 10 gün öncə də baş vermişdi. Həmin gün çoxlu sayda balığın ölməsi faktı qeydə alınmışdı. Laboratoriyada 50-yə yaxın balıq müayinə olunub və eyni nəticələr əldə edilmişdi. Körpə balıqların kütləvi şəkildə ölməsinə səbəb Mingəçevir Su Anbarı ilə Kür çayının birləşdiyi yerdə tikilən Su Elektrik Stansiyasının suötürücü qapılarının ön hissəsində balıq keçirməyən xüsusi qurğuların inşa edilməməsidir. Həmçinin, Yuxarı Qarabağ və Yuxarı Şirvan su kanallarının başlanğıcında balıq keçirməyən qurğuların tikilməməsi Mingəçevir Su Anbarının balıq ehtiyatına böyük ziyan vuran amillərdəndir. Bir faktı deyim ki, ildə 2-3 min ton körpə balıq bu kanallar vasitəsilə su anbarından çıxaraq suvarılan ərazilərdə qırılır. Balıqların sayının azalmasının səbəbi təkcə qanunsuz ov deyil. Anbarda suyun səviyyəsinin normal tənzimlənməməsi və elektrik stansiyasının suötürücü qapılarının düzgün idarə olunmaması nəticəsində hər il yüzlərlə ton şamayı, qalın alın və həşəm məhv olur”.

V. Yusifov iki il öncə 300 tona yaxın ana balığın Mingəçevir Su Anbarının suötürücü qapılarından keçərək Qarabağ kanalına düşən hissəsində beton divarlara çırpılaraq zədələnməsi və ya ölməsi faktının qeydə alındığını da vurğulayıb.

O, 2007-ci ildə elektrik stansiyası tərəfindən anbardakı suyun səviyyəsinin qəflətən aşağı salınması nəticəsində su hövzəsinin kənarlarında kiçik gölməçələrin yarandığını, orada yüz minlərlə körpə balığın məhv olduğunu bildirib: "Suyun səviyyəsi tədricən aşağı salınsa, balıqlar da həmin su anbarında qalıb yaşaya bilərdilər. Ümumiyyətlə, yalnız elektrik stansiyası üçün tikilən bu su anbarının qiymətli balıq ehtiyatı da bu gün diqqətdən kənar qalmamalı, əksinə qorunmalıdır. Mingəçevir Su Elektrik Stansiyasının işçiləri anbardakı suyun səviyyəsini tənzimləyərkən balıqların kütləvi şəkildə qırılması təhlükəsini nəzərə almalı və zoologiya institutunun mütəxəssisləri ilə məsləhətləşməlidirlər. Adətən payız-qış aylarında köç edən balıqlar su anbarından Kür çayına və suvarma kanallarına keçərkən suötürücü qapılara, hündür beton divarlara və dəmir dirəklərə çırpılaraq məhv olurlar" .

V. Yusifov balıqların su anbarından çıxmaması üçün orada xüsusi qurğuların inşasına ehtiyac olduğunu vurğulayıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR