Bank Of Baku

“Ekstazi işi” üzrə məhkəmədə tibbi ekspert Mahir Mirsalamovla bağlı verdiyi rəyin natamam olduğunu deyib

“Ekstazi işi” üzrə məhkəmədə tibbi ekspert Mahir Mirsalamovla bağlı verdiyi rəyin natamam olduğunu deyib
# 14 yanvar 2009 11:28 (UTC +04:00)
Bakı. Hafiz Heydərov -APA. Bu gün Ağır Cinayətlərə Dair İşlər Üzrə Məhkəmədə xalq artisti İlhamə Quliyevanın oğlu Orxan Nadirov, Bakı şəhərinin sabiq prokuroru Ədalət Mirsalamov və Əzizbəyov rayonunun sabiq prokuroru Rəşid Həsənovun övladları Mahir Mirsalamov və Yalçın Həsənov və daha 11 nəfərin cinayət işi üzrə məhkəmə prosesi keçirilib. APA-nın məlumatına görə, hakim Azər Orucovun sədrliyi ilə keçirilən prosesdə tibbi ekspert Zahid Məmmədovun ifadəsi alınıb. Məhkəmədə ifadə verən verən ekspert təqsirləndirilən M. Mirsalamovun barəsində istintaq zamanı verdiyi rəyin natamam olduğunu bəyan edib. O, bunu təqsirləndirilən şəxsin təcridxana şəraitində müayinə edilməsi ilə izah edib. Belə ki, Z. Məmmədov M. Mirsalamovun saxlandığı təcridxanada bir nevropotoloqun iştirakı ilə müayinə edildiyini və digər müayinə metodlarının onun saxlandığı şəraitdə həyata keçirilməsinin mümkün olmadığını söyləyib. Tibbi ekspert bir daha M. Mirsalamovun doğuş zamanı ağır travma aldığını və məhz bu səbəbdəndə onda ağır xəstəlik əlamətlərinin qaldığını söyləyib. Ekspert həmçinin təqsirləndirilən şəxsin müayinəsinə ehtiyac duyulduğunu məhkəmənin diqqətinə çatdırıb. Daha sonra məhkəmədə ifadə verməkdən yayınan şahid Rüfət Çobanov prosesə məcburi gətirilib. R. Çobanov prosesdə ifadə verərək istintaqa verdiyi ifadəsini təsdiqləyib. Şahid bir daha 2007-ci ilin dekabrında qiyabi tanıdığı Əli İsmayılovun dostluq münasibətlərində olduğu təqsirləndirilənlərdən biri sabiq polis kapitanı, Vüqar Əliyevə üç bağlama “ekstazi” verməsinin şahidi olduğunu bildirib. Onun məhkəmədə verdiyi ifadəsi ilə istintaq zamanı alınan ifadəsindəki ziddiyyətə aydınlıq gətirmək istəyən V. Əliyevin vəkili Ramiz Zeynalovla dövlət ittihamçısı Nəriman Ələkbərov arasında mübahisə yaranıb. Belə ki, prokuror hakimdən vəkil tərəfindən şahidə ünvanlanan sualların çıxarılmasını istəyib. Hakim prokurorun istəyini qəbul etməyib. R. Çobanov isə hakimin suallarını cavablandırarkən əsəs məqamların yadında qalmadığını söyləyib.
Prosesdə vəkil R. Zeynalov müdafiə etdiyi V. Əliyevin günahının sübuta yetirilmədiyini əsas gətirərək hakimdən onun barəsində seçilmiş həbs-qətimkan tədbirinin dəyişdirilməsini xahiş edib. Hakim vəsatətə proses yekunlaşanda qiymət veriləcəyini bildirib. Təqsirləndirilən şəxslərin vəkillərinin iddiası əsasında “ekstazi” həbləri barədə rəy verən ekspert qrupunun prosesə çağırılması qərara alınıb.
Prosesə yanvarın 15-də davam etdiriləcək.
Xatırladaq ki, adıçəkilən şəxslər narkotik vasitələrin qanunsuz dövriyyəsi və istifadəsində ittiham olunurlar. İttiham aktına əsasən Orxan Nadirov, Mahir Mirsalamlı, Yalçın Həsənov, Elşən Rüstəmov, Əli İsmayılov, Zubiyə Qulami, Vüqar Əliyev, Cavidan Əliyev, Ramin Həsənov, Kamilə Eyvazova, Elşən Budaqov, Həsən Həsənov, Mirəli Əliyev Cinayət Məcəlləsinin 206-cı (qaçaqmalçılıq), 234.1-ci (satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə və ya saxlama) və 234.4.1-ci (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən və ya mütəşəkkil dəstə tərəfindən qanunsuz olaraq narkotik vasitələri, psixotrop maddələri və ya onların prekursorlarını hazırlama, istehsal etmə, əldə etmə, saxlama, daşıma, göndərmə və ya satma) maddələri ilə ittiham olunurlar. Təqsirləndirilən şəxslər bu ilin mayında Milli Təhlükəsizlik Nazirliyinin keçirdiyi əməliyyat nəticəsində həbs ediliblər. Onlardan narkotik vasitə olan “ekstazi” aşkarlanıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR