Bank Of Baku

Ekspert: “MTN tərəfindən təqdim olunan həblərin kustar üsulla hazırlandığı məlum oldu”

Ekspert: “MTN tərəfindən təqdim olunan həblərin kustar üsulla hazırlandığı məlum oldu”
# 15 yanvar 2009 10:41 (UTC +04:00)
Bakı. Ramil Məmmədli – APA. Bu gün Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmədə xalq artisti İlhamə Quliyevanın oğlu Orxan Nadirov, Bakı şəhərinin sabiq prokuroru Ədalət Mirsalamov və Əzizbəyov rayonunun sabiq prokuroru Rəşid Həsənovun övladları Mahir Mirsalamlı və Yalçın Həsənov və daha 11 nəfərin cinayət işi üzrə məhkəmə prosesi keçirilib. APA-nın məlumatına görə, hakim Azər Orucovun sədrliyi ilə keçirilən prosesdə Ədliyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza İnstitutunun əməkdaşı, cinayət işi üzrə həblər üzərində ekspertizanı həyata keçirən ekspert dindirilib. Ekspert Zemfira Məmmədova tədqiqatı BMT tərəfindən qəbul olunan metodikaya uyğun aparıldığını deyib. Onun sözlərinə görə, MTN tərəfindən ona təqdim olunan 100 həbdən 10-u üzərində test ekspertizası keçirilib. Nəticədə məlum olub ki, həblər kustar üsulla hazırlanıb və tərkibində psixotrop maddələr mövcuddur. O, həblərin hər birinin 0,2 qram olduğunu söyləyib: “Həblərin tərkibi bizim tərəfimizdən müəyyənləşdirilib. Amma tərkibində olan psixotrop maddələrin miqdarı isə müəyyən olunmayıb. Çünki ekspert avadanlığı bunu həyata keçirə bilmir”.
Proses müdafiə tərəfinin ekspertə sualları ilə davam etdirilib. Ekspertin cavabları isə vəkilləri qane etməyib. Prosesdə təqsirləndirilən Vüqar Əliyevin vəkili Ramiz Zeynalovla ekspert arasında bu məsələ ətrafında mübahisə yaranıb. Vəkil ekspertizanın yenidən aparılması tələbi ilə çıxış edib. İclasda təqsirləndirilənlər də ekspertə suallarla müraciət ediblər. Sonra V. Əliyevin vəkili Ramiz Zeynalov müdafiə etdiyi şəxs barəsində çıxarılan həbs-qətimkan tədbirinin ləğv edilməsi ilə bağlı vəsatət qaldırıb. Məhkəmə heyəti isə vəsatəti təmin etməyib. Təqsirləndirilən şəxslərin vəkillərinin iddiası əsasında “ekstazi” həbləri barədə rəy verən ekspert qrupunun prosesə çağırılması qərara alınıb.
Proses yanvarın 21-də davam etdiriləcək.
Xatırladaq ki, ittiham aktına əsasən Orxan Nadirov, Mahir Mirsalamlı, Yalçın Həsənov, Elşən Rüstəmov, Əli İsmayılov, Zubiyə Qulami, Vüqar Əliyev, Cavidan Əliyev, Ramin Həsənov, Kamilə Eyvazova, Elşən Budaqov, Həsən Həsənov, Mirəli Əliyev Cinayət Məcəlləsinin 206-cı (qaçaqmalçılıq), 234.1-ci (satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə və ya saxlama) və 234.4.1-ci (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən və ya mütəşəkkil dəstə tərəfindən qanunsuz olaraq narkotik vasitələri, psixotrop maddələri və ya onların prekursorlarını hazırlama, istehsal etmə, əldə etmə, saxlama, daşıma, göndərmə və ya satma) maddələri ilə ittiham olunurlar.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR