Bank Of Baku

Nailə və Reyhanə Məcidova bacılarını qətlə yetirməkdə təqsirləndirilən şəxslərin məhkəməsində Qələgah kənd sakini ifadə verib

Nailə və Reyhanə Məcidova bacılarını qətlə yetirməkdə təqsirləndirilən şəxslərin məhkəməsində Qələgah kənd sakini ifadə verib
# 15 yanvar 2009 12:44 (UTC +04:00)
Bakı. Hafiz Heydərov-APA. Bu gün Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmədə hakim Əhməd Quliyevin sədrliyi ilə Dəvəçi rayonunun Dağ Bilici kənd sakinləri Nailə və Reyhanə Məcidova bacılarını qətlə yetirməkdə təqsirləndirilən Qələgah kənd sakinləri - Təvəkkül, Elnur və Elçin İsmayılov qardaşlarının cinayət işi üzrə növbəti məhkəmə prosesi keçirilib. APA-nın məlumatına görə, təqsirləndirilən və zərər çəkən tərəfin nümayəndələri prosesdə iştirak etməyib. Məhkəmə iclasın onların iştirakı olmadan davam etdirilməsini məqsədəuyğun sayıb. Prosesdə Qələgah kəndinin sakini Fərrux İskəndərov ifadə verib. F. İskəndərov ifadəsində Nailə və Reyhanə Məcidova bacılarının itkin düşdüyü gün Elnur İsmayılovla birgə kənd sakininin dəfn mərasimində iştirak etdiyini bildirib: “Bacıların itkin düşdüyü gün bizim qonşumuz rəhmətə getmişdi. Onun dəfn olunması üçün mən, Elnur və başqa bir kəndçimiz qəbir üçün taxta hazırlamağa getdik. Saat 4-də işimizi bitirdik və Elnurdan ayrıldım. Onu bir də axşam saatlarında kənddəki fermada gördüm”.
Proses yanvarın 23-də davam etdiriləcək.

Qeyd edək ki, Təvəkkül, Elnur və Elçin İsmayılov qardaşları Dəvəçi rayonunun Dağ Bilici kənd sakinləri Nailə və Reyhanə Məcidova bacılarını qətlə yetirməkdə ittiham olunurlar. İttiham aktında Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə), 149-cu (zorlama), 150.2.3-cü (azyaşlı şəxsə qarşı seksual xarakterli əməllər törətmə), 127. 1-ci (qəsdən sağlamlığa az ağır zərər vurma), 144.3-cü (adam oğurluğu), 177-ci (oğurluq), 178-ci (dələduzluq) və 221-ci (qanunsuz olaraq odlu silah, onun hissələrini hazırlama, saxlama, satma, daşıma, göndərmə) maddələri ilə ittiham olunan İsmayılov qardaşlarının ötən ilin avqustunda Məcidova bacılarını öldürdükdən sonra Samur-Abşeron kanalına atdıqları göstərilib. N. Məcidovanın meyiti keçən il avqustun 9-da Samur-Abşeron kanalının Siyəzən istiqamətində aşkarlanıb. R. Məcidovanın meyiti isə indiyədək tapılmayıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR