Bank Of Baku

Azərbaycan paytaxtında partlayış baş vermiş binanın sökülməsinə başlanılıb

Azərbaycan paytaxtında partlayış baş vermiş binanın sökülməsinə başlanılıb
# 15 yanvar 2009 14:24 (UTC +04:00)
Bakı. Hafiz Heydərov - APA. Paytaxtın Naxçıvanski küçəsi, 34 ünvanında yerləşən beşmərtəbəli yaşayış binasının sökülməsinə başlanılıb. Bu barədə APA-ya Nizami Rayon İcra Hakimiyyəti başçısının müavini, rayon Fövqəladə Hallar Komissiyasının sədri Ərrəhman Həsənov məlumat verib. Onun sözlərinə görə, artıq sözügedən binanın sürətlə sökülməsi həyata keçirilir və bu iş tezliklə başa çatdırılacaq: “Artıq sözügedən ərazidə Fövqəladə Hallar Nazirliyinin xüsusi tikinti briqadası binanın sökülməsini həyata keçirir. Söküntü işlərinin qısa müddət ərzində başa çatdırılması nəzərdə tutulub. Ümumilikdə isə bina 9 ay müddətində yenidən tikilərək sakinlərin ixtiyarına veriləcək”.

Ə. Həsənov, həmçinin, tikinti işləri başa çatanadək sözügedən binanın sakinlərinə kirayədə yaşamaq üçün növbəti altı aylıq vəsaitin yaxın günlərdə veriləcəyini söyləyib: “Sakinlərə kirayə evlər tutmaq məqsədilə ilk üç ayın pulu artıq ödənilib. Hazırda isə son altı ayın vəsaitinin ödənilməsi üçün lazımi sənədlər hazırlanır. Hazırlanmış sənədlər Nazirlər Kabinetinə təqdim olunandan sonra onlara dövlət tərəfindən vəsaitin ayrılması barədə qərar veriləcək. Sözügedən qərar veriləndən dərhal sonra sakinlər onlar üçün ayrılmış vəsaiti ala biləcəklər”.

Qeyd edək ki, ötən il dekabrın 13-də Bakının Nizami rayonu, Naxçıvanski küçəsi, 34 ünvanında yerləşən beşmərtəbəli yaşayış binasında baş vermiş partlayış nəticəsində binanın iki bloku dağılıb, 3 nəfər ölüb, 5 nəfər isə ağır yaralanıb. İlkin versiyaya görə, partlayışa təmir işləri aparılan 27-ci mənzildə qaz sızması səbəb olub.

Nazirlər Kabinetinin qərarına əsasən, binanın 3 bloku (45 mənzil) tamamilə sökülərək 9 ay müddətinə yenidən inşa ediləcək. Bundan başqa bina sakinlərinə dövlət tərəfindən ümumilikdə 122 500 manat vəsait ayrılıb. Tikinti işləri başa çatanadək isə sakinlər, mənzil haqları dövlət tərəfindən ödənməklə, müvəqqəti olaraq kirayə evlərdə yaşayacaqlar.

Faktla bağlı Bakı şəhər Prokurorluğunda Cinayət Məcəlləsinin 222.2-ci (tikinti, mədən və s. işləri aparılarkən təhlükəsizlik qaydalarının pozulması, ehtiyatsızlıqdan zərər çəkmiş şəxsin ölümünə ya digər ağır nəticələrə səbəb olma) maddəsi ilə cinayət işi başlanılıb.

Hadisə ilə əlaqədar bir nəfərin həbs edildiyi bildirilir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR