Bank Of Baku

20 saylı seçki məntəqəsində baş vermiş partlayışın səbəbləri açıqlanıb

20 saylı seçki məntəqəsində baş vermiş partlayışın səbəbləri açıqlanıb
# 19 yanvar 2009 10:22 (UTC +04:00)
Bakı. Hafiz Heydərov - APA. Mərkəzi Seçki Komissiyası (MSK) 24 saylı Nizami 1-ci Seçki Dairəsinin Dairə Seçki Komissiyasının 20 saylı seçki məntəqəsində baş vermiş partlayışın səbəbləri məlum olub. Hadisə yerində təhqiqat aparan mütəxəssislərin APA-ya verdiyi məlumata görə, məntəqə binasının yerləşdiyi ərazidə yeraltı neft yatağının olduğu müəyyən edilib. Belə ki, müayinə nəticəsində məntəqənin altındakı torpaq layında neft qarışığı olan maddənin olduğu üzə çıxıb. Bunun nəticəsində də mütəxəssislər həmin ərazidə neft yatağının olması qənaətinə gəliblər. Neft yatağında neftin tərkibində olan səmt qazının məntəqə binasının içərisinə sızmasının isə partlayışa səbəb olduğu bildirilir. Buna baxmayaraq, seçki məntəqəsinin yerləşdiyi inzibati bina hələlik sökülməyəcək. Mütəxəssislər qarşıdan gələn referendumla əlaqədar təhlükəsizlik tədbirləri nəzərə alınmaqla, binanın yenidən bərpa olunmasına razılıq veriblər. Belə ki, məntəqənin yerləşdiyi torpaq qatından hava boruları quraşdırılaraq bina yenidən təmir olunacaq.

Dairə Seçki Komissiyasının sədri Niyazi Nəcəfov da APA-ya açıqlamasında seçki məntəqəsinin təmir edildiyini bildirib. Referenduma qədər binanın istifadəyə tam hazır olacağını vurğulayan N. Nəcəfov partlayış zamanı xəsarət alan məntəqə sədri Aydın Vəliyevin səhhətinin də yaxşılaşdığını bildirib. “Məntəqə sədrinin vəziyyəti normaldır, bu günlərdə o xəstəxanadan evə buraxılacaq”.

Qeyd edək ki, yanvarın 8-i, səhər saat 11.30 radələrində Nizami rayonu, N. Abdullayev küçəsində yerləşən 20 saylı seçki məntəqəsində partlayış baş verib. Hadisə nəticəsində seçki məntəqəsinin sədri Vəliyev Aydın Məmmədxan oğlu əlindən və üzündən yüngül yanıq xəsarətləri alıb. O, 5 saylı Şəhər Klinik Xəstəxanasını yanıq şöbəsinə yerləşdirilib.

Seçki məntəqəsinin binasına isə ciddi ziyan dəyib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR