Bank Of Baku

Azərbaycanda səfirliklərə qarşı terror aktı hazırlamaqda ittiham olunan qrup üzvlərinin yaxınları məhkəmədə ifadə verməkdən imtina ediblər

Azərbaycanda səfirliklərə qarşı terror aktı hazırlamaqda ittiham olunan qrup üzvlərinin yaxınları məhkəmədə ifadə verməkdən imtina ediblər
# 22 yanvar 2009 10:34 (UTC +04:00)
Bakı. Ramil Məmmədli - APA. Bu gün Ağır Cinayətlərə Dair İşlər üzrə Hərbi Məhkəmədə Azərbaycan Ordusunun keçmiş zabiti Kamran Əsədovun və digər 19 nəfərin cinayət işi üzrə məhkəmə prosesi keçirilib. APA-nın məlumatına görə, hakim İslam Neymanovun sədrliyi ilə qapalı keçirilən prosesdə şahidlər dindirilib. Təqsirləndirilən Ramin və Tərlan Kərimov qardaşlarının şahid qismində prosesə dəvət olunan atası, Orxan Əlizadənin qayınatası Ramiz Kərimov, Fərid Cabbarovun atası Paşa Cabbarov, Şəhriyar Məhərrəmovun həyat yoldaşı Qismət Məhərrəmova, Yaşar və Şəhriyar Məhərrəmovların anası Rəfiqə Məhərrəmova ifadə verməkdən imtina ediblər. Məhkəmə həmin şəxslərin ifadə verməkdən imtina etmələrinin qanuna uyğun olduğunu əsas gətirərək, onları məhkəmə istintaqında ifadə verməkdən azad edib.

Təqsirləndirilən Vüqar Əliyevin xalası Bəsti Babayeva isə ifadəsində deyib ki, bacısı oğlunun əməllərindən xəbəri yoxdur. Amma o, V. Əliyevin əvvəllər iki dəfə narkotiklə bağlı həbs olunduğunu qeyd edib. Daha sonra B. Babayevanın ibtidai istintaqda verdiyi ifadəsi açıqlanıb. Bəlli olub ki, V. Əliyevin babası Sabir Quliyev Azərbaycan Dövlət Təhlükəsizlik Komitəsində zabit kimi çalışıb. Onun anası və xalası isə Milli Təhlükəsizlik Nazirliyinin əməkdaşıdırlar.

Sonra təqsirləndirilən şəxslərin 2007-ci ildə silahlı basqı etdikləri “LUKoyl” yanacaqdoldurma məntəqəsinin növbə rəisi İlqar Əliyev prosesdə şahid qismində ifadə verib. O, hadisənin təfərrüatlarını açıqlayıb. İ. Əliyev baş verən hadisə zamanı Samir adlı işçilərinin avtomat silahdan açılan atəşlə yaralandığını, basqınçıların məntəqədən 2 min 812 manat 85 qəpik oğurladıqlarını deyib. O, basqınçıların 3 nəfər olduğunu da qeyd edib.

Kamran Əsədov hakimlərin şahidə verdikləri sualların qoyuluşuna etiraz edib. Təqsirləndirilən şəxs deyib ki, istəsəydi, İlqar Əliyevi də, digərlərini də güllələyərdi: “Basqın zamanı 625 manat götürdüyümü etiraf edirəm, qalanından isə xəbərim yoxdur”.

Proses günün ikinci yarısında davam etdiriləcək.

Qeyd edək ki, təqsirləndirilən şəxslər - Kamran Əsədov, Bəxtiyar Orucov, Fərid Cabbarov, Elşən Məmmədov, Kamran Babayev, Samir Mehbalıyev, Tərlan Kərimov, Edqar Əliyev, Ramil Kərimov, Şirvani Babayev, Samir Əliyev, Yaşar Məhərrəmov, Orxan Əlizadə, Hacıbala Hüseynov, Azər İbadov, Şəhriyar Məhərrəmov, Ramin Cəlilov, Rövşən Əbdüləliyev, İlkin İsmayılov və Vüqar Əliyev dini radikal qrupda birləşərək, hərbi mübarizəyə başlamağa cəhd etməkdə, Bakıdakı “LUKoyl” yanacaqdoldurma məntəqəsinə silahlı basqın etməkdə, ABŞ və Böyük Britaniyanın Azərbaycandakı səfirliklərinə qarşı terror aktı hazırlamaqda ittiham olunurlar.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR