Bank Of Baku

Nəsimi rayonunda sakinlərə dəymiş ziyanın ödənilməsi və onların kirayə evlərdə yerləşdirilməsi üçün Nazirlər Kabinetinə müraciət olunub

Nəsimi rayonunda sakinlərə dəymiş ziyanın ödənilməsi və onların kirayə evlərdə yerləşdirilməsi üçün Nazirlər Kabinetinə müraciət olunub
# 23 yanvar 2009 10:55 (UTC +04:00)
Bakı. Hafiz Heydərov - APA. Bakının Nəsimi rayonu, Cavad xan küçəsi, 30 ünvanında yerləşən beşmərtəbəli yaşayış binasının dördüncü blokunun sakinlərinə kompensasiya verilməsi və evləri dağılmış sakinlərin kirayədə yerləşdirilməsi üçün Nazirlər Kabinetinə müraciət olunub. Bu barədə APA-ya Nəsimi rayon İcra Hakimiyyəti başçısının birinci müavini, rayon Fövqəladə Hallar Komissiyasının sədri Qərib Məmmədov məlumat verib. Onun sözlərinə görə, hazırda binanın digər bloklarında mənzillərə dəymiş ziyan aradan qaldırılır. Q. Məmmədov, həmçinin, binaya təbii qazın verilişinin də artıq bərpa edildiyini söyləyib: “Hazırda binanın dördüncü bloku istisna olmaqla, digər mənzillərə təbii qazın və elektrik enerjisinin verilişi bərpa edilib. Sakinlərə dəymiş ziyanın hesablanması istiqamətində də işlər başa çatıb. Biz artıq dəymiş ziyanın ödənilməsi və evləri dağılmış sakinlərin kirayədə yerləşdirilməsi üçün Nazirlər Kabinetinə müraciət etmişik”. Yaxın günlərdə bu barədə müvafiq qərarın veriləcəyini diqqətə çatdıran komissiya sədri binanın sökülməyəcəyini, partlayış baş verən blokun bərpa edilməsinin nəzərdə tutulduğunu söyləyib.

Qeyd edək ki, yanvarın 16-da saat 16.00 radələrində Bakının Nəsimi rayonu Cavad xan küçəsi, 30 ünvanında yerləşən beşmərtəbəli yaşayış binasının 60-cı mənzilində qaz sızmasından partlayış baş verib. Hadisə nəticəsində 5 nəfər həlak olub, 10 nəfər isə yaralanıb.

Hadisə günü partlayışla əlaqədar Bakı Şəhər Prokurorluğu tərəfindən Cinayət Məcəlləsinin 314.2-ci (səhlənkarlıq, ağır nəticələrə səbəb olma) maddəsi ilə cinayət işi başlanılıb.

Partlayış baş verən mənzildə kirayədə yaşayan, Şirvan şəhər sakini, 1988-ci il təvəllüdlü Orxan Rəhim oğlu Əliyev yanvarın 17-də Nəsimi Rayon Polis İdarəsinin 19-cu Polis Bölməsi əməkdaşları tərəfindən saxlanılıb. Hadisənin onun günahı ucbatından baş verdiyi bildirilir. Onun barəsində Bakı şəhər Prokurorluğunda qaldırılmış cinayət işinin tərkibində Cinayət Məcəlləsinin 124.2-ci (ehtiyatsızlıqdan iki və daha çox adam öldürmə) və 187.3-cü (özgənin əmlakı ehtiyatsızlıqdan məhv etmə və ya zədələmə) maddələri ilə cinayət işi başlanılıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR