Bank Of Baku

Vəkil Ədliyyə Nazirliyinin Tibb Baş İdarəsinə qarşı qaldırdığı iddia ilə bağlı məhkəmə qərarından apellyasiya şikayəti verib

Vəkil Ədliyyə Nazirliyinin Tibb Baş İdarəsinə qarşı qaldırdığı iddia ilə bağlı məhkəmə qərarından apellyasiya şikayəti verib
# 26 yanvar 2009 09:35 (UTC +04:00)
Bakı. Ramil Məmmədli – APA. Bakı Apellyasiya Məhkəməsində vəkil İsaxan Aşurovun Ədliyyə Nazirliyinin Tibb Baş İdarəsinə qarşı qaldırdığı iddia ilə bağlı Səbayel rayon Məhkəməsinin qərarından apelyasiya şikayətinə baxılacaq. Məhkəmədən APA-ya verilən məlumata görə, İ. Aşurovun vəzifəli şəxslərin qanunsuz hərəkətlərinə dair apellyasiya şikayətinə yanvarın 27-də hakim Gündüz Quliyevin sədrliyi ilə keçiriləcək prosesdə baxılacaq.
İ. Aşurov APA-ya bildirib ki, bu günə qədər Tibb Baş İdarəsinə ünvanladığı müraciətlər əsaslı şəkildə cavablanmayıb və ona cəzaçəkmə müəssisələrində cəza çəkən psixi və digər ağır xəstə məhbusların siyahısı təqdim edilməyib. Onun sözlərinə görə, müdafiə etdiyi şəxslərin içərisində də ağır xəstəliklərdən əziyyət çəkən məhkumlar var: “Qanunvericiliyə görə, ağır xəstəliklərdən əziyyət çəkən məhbusların azadlığa buraxılması şansı daha çoxdur. Ədliyyə Nazirliyinin aidiyyatı qurumu isə siyahını gizlədərək, qanunu pozur. Məsələn, dəfələrlə səhhəti ilə bağlı müraciətimə baxmayaraq, 2008-ci ilin yanvarında müdafiə etdiyim şəxslərdən biri cəzaçəkmə müəssisində xəstəlikdən vəfat etdi”.
Ədliyyə Nazirliyinin Tibb Baş İdarəsinin rəis müavini Murad Süleymanov isə İ. Aşurovun iddiasını əsassız hesab edib: “Onun iddiası əsassız olduğundan Səbayel rayon Məhkəməsi iddianı təmin etməyib. İsaxan Aşurovun bu hərəkəti özünü reklam xarakteri daşıyır”.
M. Süleymanov deyib ki, İ. Aşurovun müraciətinə isə aidiyyatı üzrə cavab verilib.
Qeyd edək ki, Səbayel rayon Məhkəməsi İ. Aşurovun iddiasını təmin etməyib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR