Bank Of Baku

APA “İlin ən yaxşı idman agentliyi” seçilib

APA “İlin ən yaxşı idman agentliyi” seçilib
# 26 dekabr 2006 16:52 (UTC +04:00)
APA-nın məlumatına görə, tədbiri giriş sözü ilə açıq elan edən gənclər və idman naziri Azad Rəhimov bildirib ki, bu il idmançılarımız Azərbaycan bayrağını 287 dəfə yüksəklərə qaldırıblar. Dövlətin idmana qayğısından danışan nazir prezident İlham Əliyevin bu günlərdə 7 məşqçini fərdi təqaüdə layiq gördüyünü və 21 idmançını mükafatlandırdığını xatırladıb. Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynov və gənclər və idman nazirinin müavin İsmayıl İsmayılov 2006-cı ilin Azərbaycan idmanı üçün uğurlu olduğunu vurğulayıblar. Qeyd olunub ki, 2008-ci il Pekin olimpiadasına lisenziya qazanmaq üçün 2007-ci il idmançılarımız üçün gərgin keçəcək.
Daha sonra ilin ən yaxşı idmançıları mükafatlandırılıb. İlin ən yaxşı idmançısı adını yunan-Roma güləşi üzrə milli komandamızın 19 yaşlı üzvü Rövşən Bayramov qazanıb. Sərbəst güləş üzrə son dünya çempionatının bürünc medalçısı Namiq Abdullayev ikinci, taekvando üzrə Avropa çempionatının qalibi İlkin Şahbazov isə üçüncü olub. Cüdo üzrə Avropa çempionu Elbrus Məmmədli dördüncü, güllə atıcılığı üzrə Avropa çempionatının gümüş mükafatçısı Nigar Bağırova beşinci, boks üzrə Avropa çempionatının gümüş medalçısı Samir Məmmədov altıncı yerdədir. 10 ən yaxşı sırasına Natalya Məmmədova (voleybol), Rüfət Ağayev (pauerliftinq), Qurban Tağıyev (karate) və Eduard Məmmədov (kikboksinq) daxil ediliblər. İlin ən güclü məşqçisi adı isə yunan-Roma güləşi üzrə yığmamızın baş məşqçisi Elçin Cəfərova verilib.
Azərbaycanın qadınlardan ibarət voleybol yığması ilin ən yaxşı komandası olub. İlin ən yaxşı hakimi Rövşən Hüseynov, ilin ən yaxşı idman telekanalı “Space”, ilin ən yaxşı idman agentliyi APA, ilin ən yaxşı idman jurnalisti Zəki Feyzullayev, ilin ən yaxşı veteran idmançısı Fərhad Rəcəbli seçilib. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR