Bank Of Baku

20 yanvar faciəsinin ildönümü ilə əlaqədar Azərbaycanın xarici ölkələrdə fəaliyyət göstərən diplomatik nümayəndəliklərində silsilə tədbirlər keçiriləcək

20 yanvar faciəsinin ildönümü ilə əlaqədar Azərbaycanın xarici ölkələrdə fəaliyyət göstərən diplomatik nümayəndəliklərində silsilə tədbirlər keçiriləcək
# 18 yanvar 2007 15:37 (UTC +04:00)
Azərbaycanın Avropa Şurası yanında daimi nümayəndəliyindən APA-ya verilən məlumata görə, hazırda 20 yanvar faciəsinin 17-ci ildönümü ilə əlaqədar anım mərasiminə hazırlıq gedir. Mərasimə Azərbaycanın Avropa Şurası Parlament Assambleyasında nümayəndə heyətinin üzvləri və Strasburqda təhsil alan azərbaycanlı tələbələr də qatılacaqlar. Azərbaycanın Qarsdakı konsulluğunda da 20 yanvar faciəsinin ildönümü ilə əlaqədar silsilə tədbirlər planlaşdırılır. Azərbaycanın Qarsdakı baş konsulu Həsən Zeynalov APA-ya açıqlamasında həmin gün konsulluqda 20 yanvar faciəsinə həsr olunmuş filmin nümayiş etdiriləcəyini bildirib. Bundan başqa konsulluqda 20 yanvar faciəsini əks etdirən sərgi də açılacaq. Azərbaycanın Türkiyədəki səfirliyinin təşəbbüsü ilə yanvarın 20-də TRT kanalının “Qırmızı xətt” proqramında 20 yanvar hadisəslərinə həsr olunmuş müzakirələr aparılacaq və səfirliyin təqdim etdiyi sənədli film nümayiş etdiriləcək. Türk siyasətçilərin də qatılacağı verilişdə 20 yanvar faciəsinin səbəbləri ətrafında fikir mübadiləsi aparılması gözlənilir. Səfirlikdən APA-ya bildiriblər ki, diplomatik nümayəndəliyimiz 20 yanvarla bağlı xüsusi sənəd hazırlayaraq Türkiyənin Xarici İşlər Nazirliyinə, xarici dövlətlərin bu ölkədəki diplomatik missiyalarına göndərəcək. Bundan başqa yanvarın 20-də səfirliyin binasında türk ziyalılarının, azərbaycanlı tələbələrin iştirakı ilə anım mərasimi də keçiriləcək. Mərasimdə Azərbaycanın Türkiyədə fövqəladə və səlahiyyətli səfiri Zakir Həşimov 20 Yanvar faciəsi ilə bağlı geniş məruzə edəcək. Azərbaycanın Yaponiyadakı səfirliyindən APA-ya verilən məlumata görə, səfirlikdə hər il olduğu kimi bu ildə 20 yanvar faciəsinə həsr olunmuş tədbirlərin keçirilməsi nəzərdə tutulub. Tədbirdə həmin hadisələrə həsr olunmuş filmin nümayişi və foto sərginin keçirilməsi planlaşdırılır. Azərbaycanın Ukraynadakı səfiri Tələt Əliev APA-ya bildirib ki, artıq Ukraynada fəaliyyət göstərən diplomatik missiyalar, beynəlxalq təşkilatların nümayəndəliklərinə, Ukraynanın bütün dövlət strukturlarına, deputatlara, siyasi partiyalara, ictimai təşkilatlara 20 Yanvar həqiqətlərini əks etdirən press-reliz paylanılıb. Sabah Kiyev şəhər məscidində 20 yanvar şəhidlərinin ruhuna dualar oxunacaq, 40 ölkəni təmsil edən müsəlmanlara faciə barədə məlumat veriləcək. Yanvarın 20-də Ukraynanın 5-ci kanalında səfir Tələt Əliyevin faciənin ildönümünə həsr olunmuş çıxışı nəzərdə tutulub. Azərbaycanını Almaniyadakı səfirliyindən APA-ya verilən məlumata görə, 20 yanvar faciəsinin ildönümü ilə bağlı səfirlikdə mətbuat buraxılışı hazırlanıb və bu buraxılış Almaniya ictimaiyyəti arasında geniş yayılacaq. Avropa Azərbaycanlıları Konqresi isə faciənin ildönümü ilə bağlı bəyanatla çıxış etməyə hazırlaşır. Almaniyanın Manhaym şəhərində yaşayan azərbaycanlılar 20 yanvarla bağlı tədbir keçirəcək. Səfirlikdən bildiriblər ki, səfirlik müxtəlif şəhərlərdə keçirilən tədbirlərlə əlaqədar soydaşlarımızı müvafiq materiallarla təmin edib. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR