Bank Of Baku

SEBA Azərbaycan-Koreya Mədəniyyət Mübadiləsi Assosiasiyası Qəbələ və Yevlaxda humanitar aksiyalar keçirib

SEBA Azərbaycan-Koreya Mədəniyyət Mübadiləsi Assosiasiyası Qəbələ və Yevlaxda humanitar aksiyalar keçirib
# 24 yanvar 2007 13:55 (UTC +04:00)
Seul-Bakı (SEBA) Azərbaycan-Koreya Mədəniyyət Mübadiləsi Assosiasiyasının Azərbaycan Taekvondo Federasiyası ilə birgə yanvarın 21-dən Qəbələdə başlamış humanitar aksiyası bu gündən Yevlaxda davam etdirib. SEBA-dan APA-ya verilən məlumata görə, layihədə yerli həkimlərlə birlikdə 45 yüksək ixtisaslı koreyalı mütəxəssis iştirak edir. Layihənin Qəbələdə keçirilmiş təqdimat mərasimində çıxış edən SEBA Azərbaycan-Koreya Mədəniyyət Mübadiləsi Assosiasiyasının prezidenti Ruhəngiz Heydərova 2005-2006-cı illərdə qurumun təşəbbüsü ilə Azərbaycanda ilk dəfə olaraq Koreya Mədəniyyəti və Koreya Kinosu günləri, o cümlədən beynəlxalq elmi yaradıcılıq simpoziumu keçirildiyini bildirib. Bakıda pulsuz Koreya dili kursları təşkil edilib, bu ölkənin həkimlərinin çalışdığı “Şərq təbabəti” klinikasının açılışı olub. R. Heydərova təşkilatın həyata keçirdiyi humanitar aksiyaların reallaşmasında Heydər Əliyev Fondunun və Azərbaycan Mədəniyyətinin Dostları Fondunun prezidenti, YUNESKO-nun xoşməramlı səfiri, millət vəkili Mehriban Əliyevanın xüsusi əməyini vurğulayaraq, ona təşəkkürünü bildirib. Layihənin Yevlaxda keçirilmiş təqdimat mərasimində çıxış edən Koreya Kyunq Hee Universitetinin Şərq-Qərb Neo Tibb Mərkəzinin professoru Kim humanitar aksiyanın iki ölkə arasında səhiyyə sahəsində əlaqələrin genişlənməsinə xidmət edəcəyini vurğulayıb. Koreyalı mütəxəssis qərb və şərq təbabətinin qabaqcıl üsullarından istifadə edərək, göz, stomatoloji, endokrinoloji, kardioloji və digər xəstəliklərdən əziyyət çəkən insanlara tibbi yardım göstərdiklərini də vurğulayıb. APA-nın aksiyanı işıqlandıran Qərb bürosunun əməkdaşının məlumatına görə isə yanvarın 28-ə kimi davam edəcək aksiyada Koreya Respublikasından gəlmiş 45 həkimə 20 yerli həkim də qoşulub. Bu gün səhər saat 10-00-da start verilən aksiya zamanı qaçqın, köçkün və şəhid ailəsi qrupuna daxil olan şəxslərin stomatoloji, endokrinoloji, oftalmoloji və pediator müayinələrdən keçirilməsinə başlanılıb. Yevlax şəhər icra hakimiyyətinin ictimai təşkilatlar və siyasi partiyalarla iş şöbəsinin rəhbəri Humbət Əhmədovun APA-nın Qərb bürosuna verdiyi məlumata görə, SEBA ilə Taekvondo Federasiyasının birgə təşkilatçılığı ilə keçirilən aksiya zamanı gün ərzində təxminən 300-500 xəstə müayinə olunacaq. Müalicə zamanı xəstələrə lazımi dərmanlar pulsuz veriləcək. Hümbət Əhmədov pulsuz müayinə aksiyasının keçirilməsi üçün Yevlax şəhər icra hakimiyyətinin hər cür yardım göstərdiyini deyib.
Qeyd edək ki, SƏBA 2004-cü ilin noyabrından ölkəmizdə fəaliyyətə başlayıb. Assosiasiya ötən dövr ərzində müxtəlif humanitar xarakterli tədbirlər həyata keçirib. Təşkilat Azərbaycan və Koreya xalqları arasında çoxtərəfli əlaqələri genişləndirmək məqsədi daşıyan ictimai birlikdir. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR