Naxçıvanda 31 Mart - Azərbaycanlıların Soyqırım günü qeyd olunub
28 mart 2007 13:35 (UTC +04:00)
Naxçıvan Dövlət Universitetində (NDU) 31 mart - Azərbaycanlıların Soyqırım günü ilə bağlı tədbir keçirilib. Bu barədə APA-ya NDU-nun mətbuat xidmətindən məlumat verilib. Tədbiri giriş sözü ilə acan NDU-nun rektoru, akademik İsa Həbibbəyli Azərbaycan torpaqlarına göz dikən ermənilərin xalqımıza qarşı törətdiyi misli görünməmiş faciələrdən danışıb. O, mərhum prezident Heydər Əliyevin uğurlu siyasi-ideoloji fəaliyyəti nəticəsində bu gün dünya ictimaiyyətində Azərbaycan həqiqətləri, azərbaycanlılara qarşı törədilən qətliamlar haqqında obyektiv rəy formalaşıb. Tarix elmləri namizədi Abdulla Mustafayev “Heydər Əliyev və azərbaycanlıların soyqırımına verilən siyasi qiymət” mövzusunda çıxış edib. O, soyqırımların tarixindən danışıb, 31 martın Azərbaycanlıların Soyqırım günü kimi qeyd olunması ilə bağlı 26 mart 1998-ci il tarixli fərmanının, digər fərman və qərarların tarixi əhəmiyyətindən bəhs edib. Tələbələrin azərbaycanlıların soyqırımı ilə bağlı çıxışlarından sonra tədbir iştirakçıları universitetin “Gənclik” parkındakı Soyqırım abidəsini ziyarət ediblər. /APA/