Bank Of Baku

Qərb bölgəsində baş verən zəlzələ əhali arasında ciddi narahatlığa səbəb olub

Qərb bölgəsində baş verən zəlzələ əhali arasında ciddi narahatlığa səbəb olub
# 11 aprel 2007 08:51 (UTC +04:00)
Şəmkir rayonunun Zəyəm kənd sakinləri dünən saat 15.45 radələrində baş vermiş zəlzələdən bir qədər öncə güclü partlayış səsi eşidildiyini bildirirlər. Kənd sakinlərinin APA-nın Qərb bürosuna verdiyi məlumata görə, partlayış səsi daha sonra yeraltı təkanlarla müşayiət olunub. Qərb bölgəsində baş verən zəlzələ daha çox Şəmkir rayonu ərazisində hiss edilib. Zəyəm kənd sakinləri yeraltı təkanlardan sonra kənd camaatının təlaşa düşərək uzun müddət evə girmədiklərini qeyd ediblər. Şəmkir rayon icra hakimiyyəti aparatında mülki müdafiə qərargahının rəisi Elçin Verdiyev isə APA-nın Qərb bürosuna verdiyi açıqlamada yeraltı təkanlardan öncə Şəmkirin Zəyəm kəndində güclü partlayış səsi eşidilməsi barədə məlumatları təkzib edib. “Yeraltı təkanlardan dərhal sonra rayonun ən böyük yaşayış sahəsi olduğu üçün Zəyəm kəndi ilə əlaqə saxladıq və oradan biz hər hansı partlayışla bağlı məlumat daxil olmayıb. Daha sonra rayon ərazisində əsas strateji obyekt sayılan Şəmkir su-elektrik stansiyası ilə əlaqə saxladıq. Bizə bildirdilər ki, zəlzələ nəticəsində heç bir hadisə baş verməyib və stansiya normal qaydada öz işini davam etdirir. Biz məlumatları dərhal Fövqəladə Hallar Nazirliyinin Gəncə regional şöbəsinə çatdırdıq, oradan isə öz növbəsində vəziyyət barədə Fövqəladə Hallar Nazirliyinə məlumat verilib”. Elçin Verdiyev yeraltı təkanlardan əvvəl partlayış səsi eşidilməsi barədə məlumatların əsassız olduğunu, bu xəbərlərin haradan qaynaqlandığını bilmədiyini deyib. Qeyd edək ki, dünən Bakı vaxtı ilə 15.36 radələrində Gəncə şəhəri və ətraf rayonlarda zəlzələ baş verib. Azərbaycan Milli Elmlər Akademiyasının Seysmoloji Xidmət Mərkəzinin baş direktoru Arif Həsənovun APA-ya verdiyi məlumata görə, zəlzələnin episentri Gəncə şəhərindən 14 kilometr şimal-qərbə düşüb. Zəlzələnin episentrində yeraltı təkanların gücü 12 ballıq şkala üzrə 3 bal olub. Təkan Gəncə və Şəmkirdə 2,5, Gədəbəy və Daşkəsən rayonlarında 2 bal gücündə hiss olunub. Arif Həsənov təkanların yerin altında baş verən geotektonik proseslərlə bağlı olduğunu vurğulayıb. APA-nın Qərb bürosunun məlumatına görə, yeraltı təkanlar zamanı dağıntı və tələfat qeydə alınmayıb. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR